İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar

Tarix boyunca hər dövrdə inkar edən insanlar var olmuş və bu şəxslər Allahın dininə və möminlərə qarşı mübarizə aparmışlar. Bu Allahın dəyişməz qanunudur. İnkar edənlərin inananlara qarşı istifadə etdikləri mübarizə üsulları məlumdur və bunların ən başlıcalarından biri də məsxərəçilikdir. Üstəlik lağ edərkən istifadə etdikləri taktikalar və söylədikləri sözlər də həmişə eynidir. Bu həqiqət Quranda belə ifadə edilir:


Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları (şiddəti) artan bir əzabla yaxaladı. (Haqqə surəsi, 9-10)
Ayələrdə diqqət çəkildiyi kimi, əsrlər boyu inkar edənlər həmişə eyni üsyankar rəftarı göstərmişlər. Firon, Əbu Ləhəb, Fironun qövmü, Nuh Peyğəmbərin (ə.s) qövmü, Ad qövmü, Səmud qövmü, Lut qövmü və digərləri Quranda həmişə peyğəmbərlərə qarşı istifadə etdikləri azğın, məsxərəçi üslubla xatırlanan və sonunda  məhv olmuş olan qövmlərdəndir. Bu insanlar yalnız peyğəmbərləri deyil, dinə aid hər şeyi, ibadətləri, namazı, dinin hökmlərinə lağ etmişlər. Amma əlbəttə Quranda xəbər verildiyi kimi, sonunda hüsrana uğrayan, həlak edilən də özləri olmuşdur.


Keçmiş qövmlərin elçilərinə qarşı olan bu münasibətləri Quranda tez-tez ifadə edilən bir həqiqətdir:


Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər. (Yasin surəsi, 30)


Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər. (Hicr surəsi, 11)


Göründüyü kimi, peyğəmbərlərə qarşı bu şəkildə nəzakətsiz rəftarlar göstərmək inkar edənlərin çox nəzərə çarpan xüsusiyyətidir. Hər dövrdə də bunu tətbiq etdikləri aydın olur. Bütün bu qövmlərin təkəbbürlənmələrinin və nəticədə məsxərəçiliyə yönəlmələrinin səbəbi isə şeytandır. Şeytan yer üzündə Quran əxlaqının yaşanmasını istəmədiyi üçün insanları əxlaqsızlığa, din əxlaqına zidd işlərə təşviq edir. Məsxərəçilik də bu çirkin davranışlardan biridir. Buna qarşı peyğəmbərlər isə haqq dini yaşayan və təbliğ edən insanlardır. İnsanları şeytana və onun hiyləli oyunlarına qarşı xəbərdar edən və onlara şeytanın inkarçı sisteminə təslim olmamağı öyrədən şəxslərdir. Bu səbəblə də şeytan inkar edənləri əvvəlcə peyğəmbərlərə qarşı olmağı yönəldir. İnsanları peyğəmbərlərə qarşı üsyana və məsxərəçi davranışlara təşviq edir. Qövmlərin içində peyğəmbərlərə qarşı mübarizə aparan, onlarla lağ edən insanlar da şeytanın yolu ilə gedən şəxslərdir.


Amma unutmamaq lazımdır ki, şeytanın bu səyləri heç bir nəticə verməz. Əksinə inkar edənlərin bu cür davranması, kinayəli sözlər söyləməsi elçilərin axirətdəki dərəcəsini artırar, Allahın razılığını və nemətlərini qazanmalarına səbəb olar. Bu mübarək insanlar, özlərinə edilən çirkin rəftarlara səbir etdikləri üçün Allahdan gözəl bir qarşılıq ümid edərlər. Necə ki, haqlının haqsızdan ayrılacağı "din günü" gəldiyində hər iki tərəf də etdiklərinin qarşılığını alacaqdır. Elçilər və onlarla birlikdə olan möminlər axirətdə mükafatlandırılarkən, dünyada onlarla lağ etməyi özlərinə qazanclı bir iş zənn edən inkar edənlər cəzalandırılacaqlar. Bu son üçün yalnız Allahın özləri üçün təyin etdiyi bir müddət var və bu müddətin bitməsi lazımdır. Bu, Quranda bildirilən bir həqiqətdir:


Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər.(Bəqərə surəsi, 212)


Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. (Bir görəydin onları) cəzalandırmağım necə oldu! (Rəd surəsi, 32)


Ayələrdən aydın olduğu kimi, cahil insanların elçilərlə lağ etmələri Allahın Quranda bildirdiyi bir qanundur. Tarix boyunca bütün peyğəmbərlərin başına gələn bu hadisə, onların ancaq şövqlərini və mübarizə əzmlərini artırmışdır. Peyğəmbərlər Allahın ədalətinə güvəndikləri üçün məsxərəçi inkarçıların axirətdə layiq olduqları qarşılığı alacaqlarından da əmindirlər. Bu səbəbdən inkar edənlərin və onların öndəri olan şeytanın məqsədlərinə çatma kimi arzuları heç vaxt həyata keçməz. Allah Quranda, inkar edənlərin elçilərlə olan bu mübarizələrinin, düşdükləri "qavrayış əskikliyi"ni ortaya qoyduğunu belə xəbər vermişdir:


Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil (dəlilləri) ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (günahlarını) unudan adamdan daha zalım kim ola bilər? (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 56-57)


Quranda inkar edənlərin xüsusilə hansı mövzularda belə bir üsluba müraciət etdikləri, necə üsullar istifadə etdikləri də bir çox örnəklə bildirilmişdir. Sonrakı səhifələrdə, inkar edənlərin Allahın elçilərinə qarşı tarix boyunca göstərdikləri çirkin məsxərəli mövqe və bunun nəticəsində də gördükləri alçaldıcı qarşılıq izah ediləcəkdir.