Allahın seçdiyi elçini öz düşüncələrinə görə bəyənməmələri

Elçinin və möminlərin quran əxlaqını yaşamaları ilə lağ etmələri

Elçinin etdikləri ilə lağ edirlər

Möcüzə istəyərək çətinlik yaratmaları

 

 

 

 

 

 

 

Allahın seçdiyi elçini öz düşüncələrinə görə bəyənməmələri

 

Din əxlaqından uzaq cəmiyyətlərdə insanların dəyər ölçüləri mal, mülk, pul, şöhrət, məqam və mövqe kimi maddi mənfəətlər üzərində qurulmuşdur. Buna görə də həmin cəmiyyətlərə bir elçi göndərildiyində insanların çoxu bu meyarlarla qiymətləndirmə aparırlar. Əgər elçidə sayılan maddi xüsusiyyətləri kafi görməzlərsə, onu Allahın seçdiyini, özlərinə yol göstərici olaraq göndərildiyini qəbul etmək istəməzlər. Bu insanı Allahın seçməsi, onun təqva sahibi və gözəl əxlaqlı olması onların məntiqləri baxımından əhəmiyyətli olmaz. Elçidəki gözəl, üstün əxlaqı dərk edə bilmədikləri və qürurlu olduqları üçün onun seçilmiş biri olması xoşlarına gəlməz. Onun özlərindən üstün olduğunu, onları doğru yola dəvət etdiyini təsdiqləyib, ona təslim olmaq yerinə üsyankar və  məsxərəçi bir mövqedə olmağı seçərlər. Allah Quranda inkar edənlərin bu mövqeyini belə bildirmişdir:
Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər:) “Budurmu Allahın elçi göndərdiyi kəs?  (Furqan surəsi, 41)
Ayədə göründüyü kimi, bu insanlar elçini öz yanlış düşüncələrinə görə qiymətləndirib, bəyənmirlər. Bu mövzudakı başqa bir ayə isə belədir:
Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək (bir-birinə:) “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar ər-Rəhmanın öyüd-nəsihətini inkar edirlər. (Ənbiya surəsi, 36)
Quranda bu mövzu ilə əlaqədar başqa nümunələr də verilmişdir. Hz. Musa (ə.s) Fironun qövmünə elçi olaraq göndərildikdə Firon və qövmü peyğəmbərlərlə lağ etmə yolunu seçmişlər. Bunun səbəbi özlərindən daha kasıb olduğunu düşündükləri Musa Peyğəmbərin (ə.s) elçi olaraq seçilməsi və onları haqq dinə dəvət etməsidir. Öz batil dinlərinin dəyişdirilmək istənməsi inkar edənlərin qürurlarına toxunmuşdur. Buna görə də tarixdəki bütün inkar edənlər kimi onlara göndərilən peyğəmbərlərlə lağ etməyə başlamışlar:
Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü? Ya da mən bu aciz və az qala (sözünü) belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi? Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” (Zuxruf surəsi, 51-53)
Yuxarıdakı ayələrdə göründüyü kimi, Firon inkarçı xarakterin bütün xüsusiyyətlərinə malikdir. Hz. Musanı (ə.s) yenə öz cahil ölçülərinə görə qiymətləndirir, ondakı üstün əxlaqı və Allaha olan yaxınlığını dərk etmir. Öz sahib olduğu mülkləri sayaraq qövmünə təsir etməyə çalışmış və bu şəkildə də cahiliyyənin azğın dəyərlərini ölçü götürərək öz üstünlüyünü isbat etdiyini zənn etmişdir.
Bu nümunədə də gördüyümüz kimi, inkarçı xarakterdəki insanların öz zənlərinə görə, əgər elçilik və ya bir hökm səlahiyyəti veriləcəksə özləri arasından birinə verilməlidir. Bu səbəblə də peyğəmbərlərə verilənləri qısqanaraq dərhal istehza və təhqir dolu sözlər söyləməyə başlamışlar. Məsələn, “Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!(Qəmər surəsi, 25) ayəsində olduğu kimi, elçini bəzi çirkin rəftarlarla ittiham edirlər. Lakin peyğəmbərlər çox gözəl əxlaqlı, Allahın əmr və qadağalarına qarşı çox diqqətli, çox təvazökar və bütün gücün yalnız Allaha aid olduğunu bilən insanlardır. Bu tərz böhtanlar da onlara həsəd aparan cahiliyyə insanlarının əsassız günahlandırmalarından başqa bir şey deyil.
İnanmayan insanların peyğəmbərlərə atdıqları böhtanlardan biri də "dəlilik"dir. Bunu da hər zaman istehza ilə dilə gətirirlər. Quranda bu mövzuda belə bir nümunə verilmişdir:
Qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!” O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm. (Əraf surəsi, 66-67)
Hud Peyğəmbərə (ə.s) atılan bu böhtan bütün dövrlərdə Allahın elçilərinə atılan bir böhtandır. İnkar edənlərin yuxarıdakı sözlərindəki məsxərəçilik dərhal diqqət çəkir. Halbuki elçilər üstün ağılları ilə tanınan insanlardır. İnkar edənlərin bu iftiralardakı məqsədi qövmlərini onların əleyhinə yönləndirməkdir. Başqa sözlə, elçiyə itaətə maneə olaraq öz mənfəətlərini qorumaqdır. Quranda bu böhtanın digər peyğəmbərlərə atıldığına dair nümunələr var:
(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” (Şuəra surəsi, 27)
“Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!” (Mu'minun surəsi, 25)

Bu nümunələr onu göstərir ki, elçilərdən ya da möminlərdən birinə qarşı "dəlilik" iddiasının olması əslində bunun keçmişdə bütün peyğəmbərlərə edilmiş böhtan və məsxərə üsulu olması baxımından böyük şərəfdir. İnkar edənlər bu böhtanları ilə möminlərin gücünü azalda biləcəklərini, onların şövqlərini qıra biləcəklərini, etdikləri xeyirlərə maneə ola biləcəklərini zənn edirlər. Halbuki möminlərə lağ edilməsinin mənası və onlarda meydana gətirdiyi təsir tam fərqlidir. Cahil bir insanın özünə lağ edildikdə narahat olar. Möminlər isə tarix boyunca bütün möminlərə və elçilərə deyilən sözlərin özləri üçün də deyilmiş olmasının, özlərinin doğru yolda olduğunu bir daha göstərdiyini düşünər və buna görə də fəxr edərlər. Bundan başqa inkar edənlərin bu düşüncəsizliyi və əxlaqsızlığı, onların gücünü artırar və din əxlaqını təbliğ etmə baxımından daha şövqlü və qərarlı olmalarına səbəb olar.

 

 

Elçinin və möminlərin quran əxlaqını yaşamaları ilə lağ etmələri

 

Möminlər Allahın əmr və qadağalarına görə hərəkət edərkən, inkar edənlər tam tərsinə nəfslərinin istiqamətləndirdiyi şəkildə yaşayarlar. Nəfs isə gözəl əxlaqlı olmağı, iffətli, namuslu, dürüst, səmimi, ədalətli, təmiz, xoşgörüşlü, şəfqətli, dürüst olmağı istəməz. Əksinə əxlaqsızlığı, yalançılığı və hər cür pis əxlaqi xüsusiyyətləri yaşamağı insanlara məqbul göstərər. Bu səbəblə möminlərin yaxşı və təmiz insanlar olmaları və bunun üçün göstərdikləri əzmkarlıq inkar edənlərin xoşuna gəlməz. Möminlərin gözəl əxlaqlarına şahid olduqca öz əxlaqlarının pis olduğuna bir daha şahid olurlar. Lakin qürurlu olduqları üçün də belə bir şeyi qəbul etmək istəməzlər. Buna görə möminlərin də özləri kimi doğru yoldan azmış insanlar olmalarını istəyərlər. Onların Quran əxlaqına uyğun rəftarlarını gördüklərində təhqir və istehza dolu sözlər söyləyərək, möminlərin gözəl cəhətlərini alçaltmaq istəyərlər. İnkar edənlərin bu cür rəftarları ilə əlaqədar olaraq Quranda belə bir nümunə verilmişdir:
Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu. (Nəml surəsi, 56)
Məlum olduğu kimi, Lut Peyğəmbərin (ə.s) göndərildiyi qövm cinsi azğınlıqlar yaşayan, azğın qövm idi. Hz. Lut (ə.s) özlərini haqqa, doğruya, gözəl olana və təmizə dəfələrlə çağırdığı halda, bunu rədd etmiş və peyğəmbərlərinə üsyan etmişdilər. Hz. Lut (ə.s) doğruları izah etməyə davam etdiyində isə azğınlıqları daha da artmış, elçini və möminləri yurdlarından sürgün etmək qərarına gəlmişlər. Bunu edərkən də onların təmizliklərini və iffətlərini məsxərə mövzusu etmişlər. Ancaq şübhəsiz bütün digər azğın qövmlərə olduğu kimi Allah bu qövmə də etdiklərinin qarşılığını vermiş və onları həlak etmişdir. İnkar edənlər etdikləri iftiralara, məsxərəçi rəftarlara qarşılıq olaraq səbir edən möminləri mükafatlandıracağını müjdələmişdir. Yəni Lut Peyğəmbərə (ə.s) və onunla birlikdə iftira və böhtanlara məruz qalan bütün möminlərə, inkar edənlərdən gördükləri bu rəftar böyük mükafat olaraq geri dönmüşdür. Özlərini müsəlmanlardan üstün görən bu şəxslərə, həqiqi izzət və şərəfin kimə aid olduğunu Allah Quranda belə bildirmişdir:
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər. (Munafiqun surəsi, 8)
Kim qüdrət (sahibi olmaq) istəsə, (bilsin ki,) qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır. (Fatır surəsi, 10)

 

 

Elçinin etdikləri ilə lağ edirlər

 

İstər inkar edənlər, istərsə münafiqlər möminlər kimi təmiz ağıla sahib olmadıqları üçün onların etdikləri işləri qavraya bilməzlər. Dünyaya aid bəzi mövzuları anlaya bildikləri üçün özlərini çox ağıllı zənn edərlər. Dinlə əlaqədar həqiqətləri anlamaqda əskik olduqlarını qəbul etmək istəməzlər. Din əxlaqından uzaq insanların "dərrakəsiz" olmasının Allahın dəyişməyən bir qanunu olduğunu görə bilməzlər. Düşdükləri aciz vəziyyəti fərq edə bilmədikləri üçün də klassik inkarçı əxlaqı göstərərək özlərini üstün zənn edər və Allahın elçiləri ilə lağ edərlər. Quranda bunun nümunələrinə tez-tez rast gəlmək mümkündür. Məsələn, Şuayb Peyğəmbər (ə.s) göndərildiyi qövmü etdikləri pis işlərdən daşınmağa çağırdığı zaman onların güclü müqaviməti ilə qarşılaşmış və məsxərəli davranışlarına məruz qalmışdı. Əslində öz qövmü də Şuayb Peyğəmbərin (ə.s) gözəl əxlaqlı bir insan olduğunu çox yaxşı bilirdi. Lakin Hz. Şuayb (ə.s) onların nəfslərinə zidd olan bir şey əmr etdiyi üçün dərhal müqavimət göstərmişlər. Lağ etdikləri şey isə Peyğəmbərin Allaha ibadət etməsi idi:
Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”. (Hud surəsi, 87)
Bu mövzu ilə əlaqədar olaraq Quranda verilən digər  nümunə isə Nuh Peyğəmbər (ə.s) dövründə yaşanmışdır. Allah Hz. Nuha (ə.s) qövmünə gələcək əzabdan qorunması üçün bir gəmi tikməsini əmr etmişdir. Hz. Nuh (ə.s) gəmini tikməyə başladıqda qövmünün inkar edənləri onun bu hərəkəti ilə lağ etməyə başlamışdır:
Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə. Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar (suda) batırılacaqlar”. (Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”. (Hud surəsi, 36-39)
Sonunda Allahın Nuh Peyğəmbərə (ə.s) vədi yerinə yetmiş, Nuh qövmü alçaldıcı əzabla həlak edilmişdir. Bu insanlar dünyada olarkən Allahın gücünü qavraya bilməmişlər. Öz ağılsızlıqlarına görə Allahın əzabını uzaq görmüş və dünyada əldə etdikləri mal və güclə bu əzabdan xilas ola biləcəklərini zənn etmişlər. Bundan ötrü Allahın əmrini yerinə yetirən  möminlərə lağ etmişlər. Lakin lağ etdikləri şey özlərinə geri dönmüş və inkarçılar etdiklərinin qarşılığını hələ dünyada olarkən almışdılar. Bir də özlərini gözləyən axirət əzabı vardır ki, Allah axirətdəki əzabın dünyadakı ilə müqayisə edilməyəcək qədər şiddətli olduğunu Quranda bir neçə dəfə xəbər vermişdir. Bu da onu göstərir ki, iman edənlərlə lağ  edənlər etdiklərinin cəzasını mütləq çəkirlər.

 

 

cüzə istəyərək çətinlik yaratmaları


İnkar edənlərin elçilərə qarşı rəftarlarından biri də onlardan möcüzə göstərmələrini istəmələridir. İstəklərinin reallaşmasının qeyri-mümkün olduğunu düşündükləri üçün bu yolla elçiləri çətin vəziyyətə sala biləcəklərini güman edirlər. Elçilərin bu tələbləri yerinə yetirə bilməyərək xalqın gözündə alçalacaqlarını zənn edirlər. Bu mövzu ilə əlaqədar Quranda keçən ayələrdən bəziləri belədir:
Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən. Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik. Əgər, doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”. (Şueyb ) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”. Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi. (Şuəra surəsi, 185-189)
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”.(Rəd surəsi, 27)
Əslində bu istəklərinin əsl səbəbi Allahın seçdiyi insanı bəyənməyən, özlərini üstün görən yanlış düşüncəyə qapılmalarıdır. Aşağıdakı ayələrdə də inkar edənlərin öz zəif dərrakələri tərəfindən peyğəmbərləri bəyənməyən bu yanlış düşüncə tərzləri bildirilir. İnkar edənlər ayələrdə xəbər verildiyi kimi, özlərini peyğəmbərdən daha üstün görmüş, ona istehzalı tələblər irəli sürmüşlər:
Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca və ya Allahı və mələkləri qarşımıza gətirməyincə yaxud qızıldan bir evin olmayınca və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”. İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu. (İsra surəsi, 90-94)
Bu tərz tələblər və məsxərəçi davranışlar keçmişdə yaşamış və bundan sonra da yaşayacaq olan bütün inkar edənlərin ortaq xüsusiyyətləridir. Bunlar, Allahın Quranda xəbər verdiyi hadisələrdir. Hər dövrdə Allahın elçilərinə və dindar insanlara qarşı bu cür mübarizə üsullarından istifadə edilmişdir. Ancaq inkar edənlərin bu səyləri heç bir zaman  nəticə verməmişdir. Qarşıdakı hissələrdə görəcəyimiz kimi, Allah inkar edənlərin planlarını hər zaman pozmuş və onları gözlənilməz əzablarla cəzalandırmışdır:
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir. (Hud surəsi, 8)
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir. O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. (Allah) deyəcəkdir: “Etdiyiniz əməllərin (cəzasını) dadın!” (Ənkəbut surəsi, 53-55)
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər. De: “Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”. (Nəml surəsi, 71-72)