İnkar edənlər möminlərlə lağ etmək yanilqisindadirlar

Əvvəlki hissələrdə ifadə etdiyimiz kimi, inkar edənlər əslində Allahın əmrlərinə zidd hərəkət etdikləri və Allaha təslim olmadıqları üçün vicdanları həmişə narahatdır. Buna görə də Allahın dinini yaşayan möminlərə qarşı kinayəli rəftar göstərirlər. Özlərinin səhv yolda, möminlərin isə doğru yolda olduqlarını bilmələri, möminlərə qarşı kin bəsləmələrinə səbəb olur. Bir ayədə bu insanların möminlərə qarşı kinli olmaları belə izah edilir:


... Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.  (Ali-İmran surəsi, 118)


İnkar edənlərin möminlərə bu qədər böyük bir kin bəsləmələrinin səbəblərindən biri, onların Allaha iman etməsidir. Tarix boyunca Allahın əmrlərini yerinə yetirən, Allahın göndərdiyi kitablara və elçilərə itaət edən möminlər inkar edənləri qıcıqlandırmışdır. Yer üzündə inanan insanlar var olduqları müddətcə inkar edənlər bu narahatlığı yaşayacaq və bu qəzəbi daşıyacaqlar.


İnkar edənlər Allahın varlığını və üstünlüyünü görməzlikdən gəlmək istəyirlər. Yuxarıda da ifadə etdiyimiz kimi, əgər hər şeyin Yaradıcısının Allah olduğunu, hər hadisənin Onun idarəsində reallaşdığını qəbul etsələr özlərinin də Allaha itaət etmələri lazım olduğu həqiqəti ilə üz-üzə qalacaqlar. Bu həqiqətləri görməzlikdən gəlməyə çalışarkən möminlərin varlığı bütün səylərini boşa çıxarır. Möminlər inkar edənlərə və içində olduqları cəmiyyətə Allahın hər şeyin Yaradıcısı olduğunu, bütün gücün Allaha aid olduğunu, dünyadakı həyatın keçici, ölümün isə açıq-aşkar və qaçılmaz bir həqiqət olduğunu, qısacası inkar edənlər unutmağa çalışdıqları bütün həqiqətləri xatırladırlar. Buna görə inkar edənlər yer üzündə iman edən tək bir insanın belə qalmasını istəmirlər. Elə buna görə  də iman edənlərlə düşmən mövqedədirlər.


Əlbəttə bu düşmənçiliklərini öz məntiqlərinə görə ifadə etmələrinin ən asan yollarından biri də möminlərə dəyər vermədiklərini göstərməkdir. Halbuki möminlərin onların dəyərlərinə heç bir şəkildə ehtiyacları yoxdur. Bunu da onlara qarşı kinayəli bir mövqe sərgiləyərək hiss etdirməyə çalışırlar. Xüsusilə möminlərin iman etmələri ilə lağ etmək, inkar edənlərin çox geniş şəkildə etdikləri bir əxlaqsızlıqdır. Quranda bunun bir çox nümunəsi bəhs edilmişdir:


Onlara: “(Bu) insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin (bunu) bilmirlər. Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər. (Bəqərə surəsi, 13-14)


Ayələrdə göründüyü kimi, inkar edənlər möminlərə özlərindən aşağı baxdıqlarını ifadə edən sözlər danışırlar. Bunu edərək möminlərin şövqünü qıra biləcəklərini, güclərini azalda biləcəklərini zənn edirlər. Ancaq hər sahədə olduğu kimi, burda da yanılırlar. Çünki Allaha iman edən bir insanın həyatında şövqün azalması, ümidsizliyə düşmək, hüznə qapılmaq kimi mənfiliklərə əsla yer olmaz. Əksinə iman edənlər üçün bu cür əxlaqsız rəftarlara məruz qalmaq böyük şərəfdir və bunlar möminləri daha da şövqləndirən hadisələrdir. Çünki Allah Quranda tarix boyunca bütün müsəlmanların bu rəftarlarla qarşılaşdıqlarını xəbər vermişdir. Bunun qarşılığında inananlar da hər dövrdə bu tərz rəftarlara səbir göstərdikləri müddət boyunca axirətdə bunun gözəl qarşılığını alacaqlarını bilməyin şövqü və sevinci içində olmuşlar.


Tarix boyu inkar edənləri çox qıcıqlandıran mövzulardan biri də möminlərin Allahın göndərdiyi elçiyə itaəti olmuşdur. Möminlər, "Biz elçilərdən heç kimi ancaq Allahın icazəsi ilə özünə itaət edilməsindən başqa bir şeylə göndərmədik…" (Nisa surəsi, 64) ayəsinin tələbi olaraq, Allahın elçilərinə və Onun yolunda mübarizə aparan saleh müsəlmanlara böyük hörmət göstərmişlər.


"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)." (Nisa surəsi, 59) ayəsinə uyğun olaraq, itaət mövzusunda bir-birləri ilə yarışmış və bu mövzuda qəti şəkildə  zəiflik göstərməmişlər:


Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, (Allah) onu içində əbədi qalacağı (Cəhənnəm) oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 13-14)


Bunun ən əhəmiyyətli nümunələrindən biri də Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlman qadınların örtünmə ayələrinin enməsi ilə birlikdə göstərdikləri itaətdir. Allah Quranda örtünmənin mömin qadınları digərlərindən ayıran əhəmiyyətli bir xüsusiyyət olduğunu xəbər vermişdir:
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 59)


“Nur” surəsindəki örtünmə ilə bağlı ayələr hicrətdən sonrakı dövrdə endirilmişdir:


“Şeybe qızı Safıya izah edir və deyir ki: Biz Hz. Aişənin yanında olarkən bir qisim xanımlar Qureyşli qadınların vəziyyətini və fəzilətlərini izah etmişdilər. Bundan sonra Hz. Aişə buyurdu ki; "şübhəsiz ki, qureyşli qadınların üstünlüyü var. Amma Allaha and içərəm ki, mən ənsarın qadınlarından daha çox Allahın kitabını təsdiq edən və Qurana inanan fəzilətli şəxslər görmədim.” “Nur” surəsindəki "yaylıqlarını yaxalarının üzərlərinə qoysunlar" ayəsi nazil olduğunda ərləri onların yanlarına getdilər və özlərinə Allahın bu mövzuda nazil etdiyi ayəni oxudular. Hər kəs arvadına, qızına, bacısına və yaxınlarına bu ayəni oxuyurdu. İçlərindən yaylığı yaxaları üzərinə qoymayan olmadı. Allahın endirdiyi kitabdakı hökmə inandıqlarından və təsdiq etdiklərindən örtülərinə büründülər..." (İbni Kəsr, Hədislərlə Qurani-kərim Təfsiri, 11-ci cild, s. 5880)


Peyğəmbərimiz (s.ə.v) dövründə mömin qadınlar Allahın təsəttür mövzusundakı əmrini çox böyük bir şövq və istəklə qarşılamış, dərhal itaət etmişlər.


Müsəlmanların bu sarsılmaz itaəti, inkar edənləri hər dövrdə çox narahat etmişdir. Çünki onlar daim en etibarlı, ən çox sözü küçən şəxslərin özləri olmasını istəmişlər. Bu səbəbdən möminlərin Allahın seçdiyi insana itaət etməsi və bu mövzuda heç bir güzəştə getməmələri onların möminlərə düşmən olmasının səbəblərindən biri olmuşdur. Bu səbəbdən möminlərə və onların itaət etdikləri elçilərə istehza dolu sözlərlə atmacalar atmışlar:


Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?” " (Şuəra surəsi, 111)


Onun qövmünün kafir zadəganları dedilər: “Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”. (Hud surəsi, 27)

 

Ayələrdə də bildirildiyi kimi, inkar edənlərin ən böyük istəklərindən biri ən üstün olanın özləri olmasıdır. Ancaq onlar özlərini nə qədər böyük görsələr də əslində  böyük bir ağılsızlıq içində həyatlarını yaşayırlar. Ən əhəmiyyətlisi qısa dünya həyatında əldə edəcəkləri mövqeni, pulu, malı, etibarı, sonsuz axirət həyatına dəyişirlər. Bu da onların ağılsızlığının ən böyük dəlillərindən biridir.