İnkar edənlərin qəflətdə olduqlari "böyük gerçək"

Əvvəlki hissələrdə vurğuladığımız kimi, inkar edənlərin din əxlaqına və inananlara qarşı məsxərəçi rəftar göstərmələrinin ən əhəmiyyətli səbəblərindən biri hər şeyi dünyəvi meyarlara görə qiymətləndirmələridir. Bunun səbəbi də bütün həyatlarının dünya ilə məhdud olduğunu zənn etmələri və dünyaya ehtirasla bağlanmalarıdır. Din əxlaqından uzaq yaşayan insanların bu ruh halı Quranda belə bildirilmişdir:


Qövmünün kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız. O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (dirildilib yenidən) çıxarılacağınızımı vəd edir? Sizə vəd olunan şey (həqiqətdən) çox uzaqdır, çox uzaq! Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirildiləcək deyilik. (Muminun surəsi, 33-37)


Bu ehtiras səbəbindən inkar edənlər dünyanı çox yanlış dərk edirlər. Ətraflarında gördükləri şeyləri Allahdan müstəqil görür, bütün bunların ancaq Allahın diləməsi ilə varlıqlarını davam etdirə bildiklərini qavraya bilmirlər. Allah inkar edənlərin dünya həyatına aid həqiqətləri qavraya bilmədiklərini bir Quran ayəsində belə bildirmişdir:


Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7)


İnkar edənlərin həyatları boyunca nəzərə almadıqları çox əhəmiyyətli bir həqiqət var. Onlar bu həqiqətdən xəbərsiz olaraq hər cür əxlaqsızlığı edir, dünyada özlərinə görə mənfəət əldə etməyə çalışır, yalan danışır, dinə qarşı istehza edir, inananlara böhtan atır, onlara zərər verməyə çalışırlar.

 

Ancaq əslində böyük bir qəflət içindədirlər və bunun şüurunda deyildirlər. Sonrakı səhifələrdə din əxlaqından uzaq insanların şüursuzca, "qəflət içində" yaşadıqları bu böyük həqiqət izah ediləcəkdir.