Quranda  məsxərəçilik qadağan edilir

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)


Allah yuxarıdakı ayə ilə insanların həyatlarının hər anında məsxərəçiliyi qadağan etmişdir. Ayədə qadağan edilən mövzuların hər birinin, cahil cəmiyyətdə yaşanan əxlaqsızlıqlar olduğunu əvvəlki hissələrdə izah etmişdik. Ancaq burada istehza mövzusunu Qurana uyğun, daha ətraflı olaraq izah etməkdə fayda var.


Ayədə diqqət çəkilən, cəmiyyətlərin bir-birləri ilə lağ etməsi, özlərini üstün görməsi, digər insanları kiçik hesab etməsi dinsizliyin bir nəticəsidir. Halbuki Allah qatında üstünlük ölçüsü insanların sahib olduqları Allah qorxusu və təqvadır. Maddi güc, fiziki xüsusiyyətlər, inkişaf etmiş texnologiya və ya hər hansı başqa bir dünyəvi meyar insanları bir-birlərindən üstün etmir. İnsanların fərqli xüsusiyyətlərə sahib olması, qadın və ya kişi olması, müxtəlif irqlərə mənsub olması, ağ dərili və ya qara dərili olması üstünlük əlaməti deyil.


Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)


Allah “Hucurat” surəsinin yuxarıdakı 11-ci  ayəsində qadınların da bir-birləri ilə lağ etməsini qadağan etmişdir. Xüsusilə qadınların bir-birilərinə qarşı istehzalı sözlər istifadə etmələri, atmacalı sözlər demələri cahil cəmiyyətdə tez-tez  rast gəlinən davranışlardandır. Hətta bu davranışlar elə adət halını alıb ki, iki qadın arasında keçən bu tərz bir dialoq çox məqbul qarşılanır. Bir qadın başqa bir qadının fiziki cəhətdən qüsurlarını mümkün olduqca çox dilə gətirir. Hətta qüsuru olmasa belə hər hansı bir xüsusiyyətini qüsur kimi göstərməyə çalışır. Halbuki Quranda insanların bir-birlərinə narahat edici, davranışlar göstərmələrini çirkin əxlaq olaraq adlandırır. Allah bir başqa ayəsində insanların bir-birlərini çəkişdirən, gizli yönlərini araşdıran rəftarlarının çirkinliyini belə bir örnəklə xəbər vermişdir:


Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)


Allah bir başqa ayəsində sözlə və ya baxışlarla edilən lağın üzərində dayanmışdır.


Hər bir qeybət edənin, tənə vuranın vay halına! (Hüməzə surəsi, 1)


Şübhəsiz bu ayədəki qəti ifadədən, belə bir davranışdan çəkinmək lazım olduğu aydın olur. İnsanların istər baxışlar və mimikalarla, istərsə də sözlərlə etdikləri məsxərəçi rəftarlar, əlbəttə, qarşılıqsız qalmayacaq. Allah Quran əxlaqını yaşamayan, hesab gününü düşünmədən hərəkət edən bu şəxsləri yuxarıdakı ayəsi ilə xəbərdar edir.


Bunu da ifadə etmək lazımdır ki, lağ etmək yalnız cahiliyyə insanına xas bir əxlaq pozuqluğudur. Möminlər arasında belə çirkin rəftarlara qətiyyən yol verilməz. Möminlər gözəllik, zəka, zənginlik, qabiliyyət kimi hər cür xüsusiyyəti insanlara Allahın verdiyini bilirlər. Bir-birlərində gördükləri gözəl xüsusiyyətləri də böyük  məmnuniyyətlə qarşılayırlar. Nəfslərinə deyil, Allahın razılığına uyduqları üçün cahil cəmiyyətdə yaşayan insanların yaşadıqları qürur, həsəd kimi duyğuları yaşamırlar. Buna görə bir-birlərinə qarşı hər zaman xoşgörüşlü, müsbət fikirli, təvazökardırlar. Eyni şəkildə bir-birlərində gördükləri əskiklikləri də Allahın bir sınaq olaraq yaratdığını bilirlər. Buna görə bu əskiklikləri ortaya çıxarmaz, əksinə bunları düzəltməyə çalışarlar. Məsxərəçiliyi xatırladacaq ən kiçik bir rəftardan, baxışdan, sözdən çox çəkinərlər. Möminlərin istehzaya münasibəti aşağıdakı ayədə xəbər verilən Hz. Musanın (ə.s) sözləri açıq şəkildə əks etdirir:


Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. (Musa): “Cahil olmaqdan Allaha sığınıram!”– dedi.  (Bəqərə surəsi, 67)

 

Göründüyü kimi, möminlər buna bənzər bir hərəkət etməkdən dərhal Allaha sığınarlar. Belə bir davranışın cahil hərəkət olduğunu bilərlər. Hər şeydən əhəmiyyətlisi bunun Allahın xoşuna gəlməyəcək bir rəftar olduğunu bilmələri, lağ etməkdən çəkinmələri üçün ən böyük səbəbdir.