Məsxərəçi insanların axirətdə  görəcəkləri qarşılıq

Dinlərini oyun və əyləncə mövzusu edən, müqəddəs dəyərlərə qarşı ağılsızca lağ edən insanların görəcəkləri qarşılıq yalnız dünyadakılarla bitməz. Quranda bildirildiyi kimi, onları əsl axirət qarşılığı gözləyir. Allah necə möminləri Cənnətlə müjdələyirsə, eyni şəkildə inkarçıları da əzabla təhdid edir.

 

Hər kəsin dünya həyatında etdiklərinə görə bir-bir hesaba çəkiləcəyi din günü gəldikdə bu insanlar, əlbəttə, böyük bir peşmançılıq yaşayacaq və dünyada olarkən etdikləri günahların qarşılığını da mütləq alacaqlar. Bax o gün əsl özləri lağ ediləcək vəziyyətə düşəcəklər. Çünki onlar bu günləri ilə qarşılaşacaqlarını inanmamış, üsyankar rəftarlarına davam etmişlər. Lakin artıq qaça biləcəkləri bir yer yoxdur. Alçaldıcı əzab özlərini gözləməkdədir. Bunun səbəbi dünyada olarkən Allahın ayələri ilə istehza etmiş olmalarıdır. Ancaq Cəhənnəmdə qarşılaşacaqları vəziyyətlə indi əsl lağ ediləcək olan inkarçıların özləridir. Quranda onların bu vəziyyəti belə izah edilir:


O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa tutduqları himayəçilər onları (əzabdan) qurtara bilməyəcəklər. Onları böyük bir əzab gözləyir. (Casiyə Surəsi, 9-10)


Göründüyü kimi, dünyada olarkən çirkin cəsarətlə dinlə lağ etməyə çalışan bu insanlar, fərqində olmadan çox böyük bir tələyə düşürlər. Onlar üçün böyük bir əzab hazırlanmış və Allah dünyada olarkən etdikləri hər şeyi öz əleyhlərinə çevirmişdir. Din və möminlərlə lağ etməklə etmiş olduqları pisliklər özlərinə qayıtmışdır. Beləliklə, üstün olmaq istəyərkən, böyüklük iddiasında olarkən çox alçaldıcı vəziyyətə düşmüşlər. Allah bir çox Quran  ayəsi ilə bu acı sonu insanlara xatırlatmışdır:


Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir. (Zumər Surəsi, 48)


Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri (əzab) onları ağuşuna aldı. (Nəhl Surəsi, 34)


Dünyada Allahın ayələri, elçiləri və möminlərlə lağ edənlər etdiklərinin qarşılığı olaraq cəhənnəm atəşi ilə əhatə olunacaqlar. Beləliklə, dinə qarşı göstərdikləri istehzalı rəftarın acı bir qarşılığını görəcəklər. İbrət verici bir başqa mövzu isə bu insanlar üçün hazırlanan cəhənnəm əzabının sonsuz olmasıdır. Çünki onlar necə axirəti və hesab gününü göz ardı edərək unutdularsa, din günü gəldiyində də onlar göz ardı ediləcək və Allahın rəhmətindən uzaq tutulacaqlar. Şübhəsiz, bu bir insanın qarşılaşa biləcəyi ən qorxunc sondur. Bu gerçək Quranda belə izah edilir.


Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri (əzab) onları bürüyəcək və (onlara) deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz Cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır. Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır. (Casiyə Surəsi, 33-35)

 

 

Möminlər də axirətdə inkarçılarla lağ edəcəklər


Bu hissəyə qədər inkarçıların, müşriklərin, münafiqlərin və ya din əxlaqını yaşamayan insanların təkəbbürləri səbəbindən din, ayələr, elçilər və möminlərlə lağ etdiklərindən və bunu vərdiş halına gətirdiklərindən danışıldı. Həqiqətən də tarix boyunca cahiliyyə insanları guya möminlərə çətinlik vermək, onların şövqlərini qırmaq, mübarizələrində onlara mənfi təsir etmək məqsədi ilə məsxərəçilik silahına sarılmışlar. Ancaq onların nəzərə almadıqları çox əhəmiyyətli bir gerçək var. Zamanı gəldiyində möminlər də onlarla lağ edəcəklər.


Bütün insanların dünyada etdikləri ilə sorğulanacağı  hesab günü reallaşacaq qəti  bir vəddir. O gün heç bir insan üçün geri qayıtma imkanı yoxdur və hər kəs etdiklərinin qarşılığını mütləq alacaqdır. Bax o gün gəldikdə Allaha və elçisinə bağlı olan, onların göstərdiyi yolla gedənlər, yəni möminlər, Allahın onlar üçün yaratdığı nemətlərlə dolu Cənnətə girəcəklər və Allahın diləməsi xaricində sonsuza qədər orada qalacaqlar. Allaha və elçisinə üsyan edən, Onun dini və elçiləri ilə lağ edən, inananları istehzalı sözlərlə və təhqirlərlə incitməyə çalışanlar isə hər cür əzabın mövcud olduğu cəhənnəmə girəcəklər və "bütün zaman boyunca" onun içində qalacaqlar. Bu səbəbdən o gün  möminlərin inkarçılarla lağ  edəcəyi gün olacaqdır. Çünki onlar möminlərlə lağ edərkən bu etdiklərinə görə hesab verəcəklərini və bunun nəticəsində sonsuza qədər cəzalandırılacaqlarını düşünməmişlər. Yalnız dünya həyatını yaşayacaqlarını, təkrar dirilməyəcəklərini zənn etmiş, axirətin varlığını ya inkar etmiş ya da uzaq görmüşlər. Bunlara görə cəzalandırıla biləcəklərini isə heç ağıllarına belə  gətirməmişlər. Özlərinə xatırladıldığında xatırladanlarla da lağ etmişlər. Bununla da yetinməmiş, din əxlaqını yaşayan, Allaha təslim olan, Qurandakı gözəl əxlaqı mənimsəyən insanlara da əks cəbhə almış, hər fürsətdə onları kinayəli ifadələrlə təhqir etmişlər. Lakin axirət günü gəldikdə möminlərin doğru yolda olduqları aydın olacaq, əsl məsxərə mövzusu olanların isə inanmayanlar olduğu ortaya çıxacaqdır. Çünki bu şəkildə davranaraq yalnız özlərinə pislik etmiş və sonsuz həyatlarını məhv etmişlər.


Allahın Cəhənnəmdə verəcəyi əzab çox şiddətli olacağı üçün daha əvvəl yaşamadıqları çətinliklər və əzablar onları gözləyir. Buna qarşı möminlər isə bənzəri görülməmiş bir gözəllik və nemətlə mükafatlandırılacaqlar. İnkarçıların dünyada "rahatlıqla" lağ etdikləri o insanlar, sonsuza qədər nemət yurdu olan cənnətlərdə qarşılanacaqlar. Hər iki tərəf də bir-birini görəcək və Allahın ədalətinə şahid olacaqlar. Quranda o mühit belə təsvir edilmişdir:


Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (ətrafa) baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?! (Mutəffifin Surəsi, 34-36)


Ancaq bir daha ifadə etmək lazımdır ki, o gün Allahın ədaləti tam təcəlli edəcəkdir. Çünki Allah bu insanlara dünyada öyüd ala biləcəkləri qədər möhlət vermiş, onları axirətin və hesab gününün yaxınlığı ilə xəbərdar etmişdir. Ancaq onlar buna baxmayaraq vicdanlı davranmamış və məsxərəyə davam etmişlər. Quranda bu gerçək belə xəbər verilir:


Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları (əzab) bürüdü. (Əhqaf Surəsi, 26)


Göründüyü kimi, özlərinə dünyada bir çox fürsətlər verilən bu insanlar bundan yaxşı istifadə etmədikləri və məsxərəçi rəftarlarına davam etdikləri üçün bu vicdansızlıqlarının cəzasını çəkməyə məhkumdurlar.


Möminlərlə lağ edən bu insanlar axirətdə möminləri görüb çox böyük bir çaşqınlıq yaşayacaqlar. Özləri etdiklərinə görə Cəhənnəmə göndərilərkən dünyada olarkən səhv yolda olduqlarını zənn etdikləri möminləri də orada görmək istəyəcəklər və o an necə bir yanılqı içində olduqlarının fərqinə varacaqlar. Onlar möminlərə gülərkən, onlara lağ edərkən bir anda özləri alçaq vəziyyətə düşmüş və lağ ediləcək hala gələcəklər. Aşağıdakı ayədə onların bu əzablı vəziyyəti  belə izah edilir:


(Günahkarlar) deyəcəklər: “Bizə nə olub ki, (dünyada ikən) pis adamlar saydığımız kişiləri burada görmürük? Biz onları (haqsızcasınamı) məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?” Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. (Sad Surəsi, 62-64)


Möminlərin Cənnətdə olması inkar edənlərə böyük bir zərbədir. Çünki Cənnət Allahın möminlər üçün hazırladığı, içində sonsuza qədər yaşanacaq olan mükəmməl bir mühitdir. Orada nemətlərin hər çeşidi var. Bu fövqəladə mühit inkarçılara göstərildikdə, möminlərin belə gözəl bir yerdə qarşılanması onları çaşqın  hala salar. Halbuki, hər kəs yalnız dünya həyatında etdiyinin qarşılığını almışdır. Allah Quranda haqlının haqsızdan ayrılacağı o böyük günü belə təsvir edir:


Zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında (məskunlaşacaqlar). Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. (Şura Surəsi, 22)


Beləliklə, Allah zamanı gəldiyi zaman həm dünya həyatında möminlərlə lağ edən inkarçılara etdiklərinin qarşılığını verir, həm də möminləri səbir etdikləri üçün mükafatlandırır. Allah Quranda bu gerçəyi belə bildirir:


Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar. Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də (günah işlərə) qayıtsaq, həqiqətən də, zalım olarıq”. (Allah )buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin! Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. Bu gün Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!” (Mu'minun surəsi, 103-111)