Maddənin ardindaki sirr

XƏBƏRDARLIQ

 

Oxuyacağınız bu hissə, həyatın çox əhəmiyyətli bir sirrini izah edir. Maddi dünyaya baxışınızı kökündən dəyişdirəcək bu mövzunu çox diqqətlə və anlayaraq  oxumalısınız. Burada izah edilənlər yalnız bir dünyagörüşü, fərqli bir yanaşma və ya hər hansı bir fəlsəfi düşüncə deyil, dinə inanan və inanmayan hər kəsin qəbul edəcəyi, bu gün elmin də sübut etdiyi qəti bir gerçəkdir.

 

Mövzu vəhdəti-vücud deyil

Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!

Maddənin əsli ilə təmasda ola bilmərik

Beynimiz xarici dünyadan ayrıdırmı?

Bizə ən yaxın varlıq Allahdır

Xaricdə mövcud olan maddəyə dair bildiyimiz tək şey bizə hiss etdirilən hisslərdir

İnkar edənlər tarixin ən böyük tələsinə düşüblər

 

 

Mövzu vəhdəti-vücud deyil


Maddənin ardındakı sirr mövzusu bəzi şəxslərin etirazlarına səbəb olmuşdur. Sözügedən şəxslər bu mövzunun əsasını səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.


Əvvəla, qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnə inancına sıx bağlıdır və vəhdəti-vücud təliminin tərəfdarı deyil. Bundan əlavə, unutmaq olmaz ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi çox böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.
Vəhdəti-vücud düşüncəsini izah edən bir çox məşhur İslam aliminin keçmişdə bu kitablarda verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyildir.


Vəhdəti-vücud düşüncəsinin tərəfdarlarından bir qismi səhv fikirlərə düşərək Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar irəli sürmüşlər, məsələn, Allahın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Əslində isə maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən belə bir iddia irəli sürülmür. Bu mövzu Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində əmələ gələn görüntülərini gördüklərini açıqlayır. Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey Allahın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları yolu ilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri bu varlıqların beyinlərindəki surətləridir. Bu elmi həqiqətdir və bu gün tibb fakültələri başda olmaqla, bütün məktəblərdə öyrədilən elmi mövzudur. Hal-hazırda bu yazını oxuyan insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir, bu elektrik siqnalı beynin arxasındakı görmə mərkəzinə ötürülərək mərkəzə xəbərdarlıq edir və insanın beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz bu dəqiqə gözünüzlə gözünüzün önündəki yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı “yazının surətidir”. Bu yazının əslini isə Allah görür.


Beləliklə, maddənin beynimizdə əmələ gələn xəyal olması onun “yox” olduğu demək deyil. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətidir. Bu həqiqət “İdealizm, Matriks fəlsəfəsi və Maddənin gerçəyi” adlı kitabımızda belə ifadə edilmişdir.

 

 

Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!


Maddə xəyaldır demək, maddə yoxdur demək deyil. Əksinə, biz görsək də, görməsək də, maddi dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin içində bir surət, başqa sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə maddə bizim üçün xəyaldır.
Xarici aləmdəki maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər.


Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur! Dediyi hər sözü onun yanında hazır durub gözləyən vardır! (Qaf surəsi, 17-18)


Hər şeydən önəmlisi budur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür incəlikləri ilə Allah yaratmışdır və Allah hər şeyi görür. Quran ayələrində belə xəbər verilir:


... Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 233)


De: “Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!” (İsra surəsi, 96)


Bundan əlavə, unutmaq olmaz ki, Allah bütün hadisələri “Lövhi-məhfuz” adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. Hər şeyin Allah qatında Lövhi-məhfuz adlandırılan “əsas kitab”da qorunduğu belə bildirilir:


Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir. (Zuxruf surəsi, 4)


... Dərgahımızda hifz edən bir kitab vardır! (Qaf surəsi, 4)


Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın bir Kitabda olmasın! (Nəml surəsi, 75)


Görmə, eşitmə, iyləmə, dad bilmə, toxunma  kimi duyğu orqanlarımızın hamısı bir-birlərinə bağlıdır. Xaricdə var olan obyektlərdən gələn təsirlər (səs, qoxu, dad, görünüş, sərtlik və s.), sinirlərimiz vasitəsilə beyindəki duyğu mərkəzlərinə ötürülür. Beyinə çatan təsirlərin hamısı elektrik siqnallarından ibarətdir. Məsələn, görmə əməliyyatı əsnasında xarici cisimdən gələn işıq fotonları gözün arxa tərəfindəki retinaya çatır və burada bir əməliyyat nəticəsində elektrik siqnallarına çevrilir. Bu siqnallar sinirlər vasitəsilə beynin görmə mərkəzinə çatdırılır və biz də bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, tərtəmiz, eni, boyu, dərinliyi olan bir dünya görürük.


Eyni sistem digər hisslər  üçün də etibarlıdır. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burun epitelyumundaki hüceyrələr tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi qəbul edicilər tərəfindən, səslər qulaqdakı xüsusi mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki mərkəzlərə göndərilir və o mərkəzlərdə qəbul edilir.


Mövzunu daha da dəqiqləşdirmək üçün belə misallar göstərə bilərik: Hal-hazırda bir stəkan qəhvə içdiyinizi düşünək. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və istiliyi dəri altındakı xüsusi qəbul edicilər tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır. Eyni zamanda qəhvəyə aid iti qoxu, onu içdiyimiz anda hiss etdiyiniz acı dad və stəkana baxdığınızda gördüyünüz tünd qəhvə rəngi rənglə əlaqədar duyğu orqanlarınıza aid sinirlər tərəfindən beyinə çatdırılan elektrik cərəyanıdır. Daha sonra masaya qoyarkən stəkanın şüşəyə toxunması ilə çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik siqnalı olaraq göndərilir və bu hisslərin hamısı beyindəki bir-birindən fərqli amma bir-birilə ortaq işləyən duyğu mərkəzləri tərəfindən şərh olunur. Siz də bu şərhin bir nəticəsi olaraq bir stəkan qəhvə içdiyinizi düşünürsünüz. Əslində hər şey beyindəki duyğu mərkəzlərində baş verir.


Şübhəsiz bu, üzərində incə düşünülməsi lazım olan çox əhəmiyyətli bir həqiqətdir. İndiyə qədər gördüyünüz hər şeyin əsli ilə təmasda olduğunuzu zənn edirsiniz. Halbuki elmin də göstərdiyi kimi, duyğu orqanları xaricinə çıxaraq xaricdə var olan obyektlərin əsillərinə çatmaq mümkün deyil.

Burada qısaca yekunlaşdırılan bu mövzu, həyatınızda fərqinə vara biləcəyiniz ən böyük gerçəklərdən biridir.

 

 

Maddənin əsli ilə təmasda ola bilmərik


Bu günə qədər heç bir insan beynindəki hisslərin xaricinə çıxa bilməmişdir. Hər insan beynindəki hüceyrəsinin içində yaşayır və hisslərinin özünə göstərdikləri xaricində heç bir şey yaşaya bilməz. Bu səbəbdən hisslərinin xaricindəki dünyada, nələr olduğunu heç bir zaman bilə bilməz. Bu səbəblə "maddənin əslini bilirəm" demək böyük bir ön fikir olar, çünki heç bir insanın buna gətirə biləcəyi tək bir dəlil də yoxdur. İnsan yalnız beynində yaranan xəyal ilə təmasda olar. Məsələn, rəngarəng çiçəklərlə bəzənmiş bir bağçanı gəzən bir insan, əslində bu bağçanın əslini deyil, beynindəki surətini görür. Ancaq bu bağça o qədər həqiqidir ki, hər insan xəyalında yaranan bu bağçadan həqiqətən varmış kimi eyni zövqü alır. Hətta bu günə qədər milyardlarla insan bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü zənn etmişdir.


Bunu da ifadə etməliyik ki, texnologiyanın və ya elmin irəliləməsi də bu mövzuda hər hansı bir dəyişikliyə səbəb ola bilməz. Çünki hər bir elmi nailiyyət və ya texnoloji inkişaf yenə insanların beyinlərində meydana gələcək, bu səbəbdən bu üsulla da xarici dünyaya çatmaq mümkün ola bilməyəcək. Təmasda olduğumuz tək dünya, zehnimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehnimizdə meydana gələn dünyadır.


Beynimizdə izlədiyimiz bu hisslər bəzən "süni" bir qaynaqdan da gələ bilər. Bunu belə bir misalla zehnimizdə canlandıra bilərik:
Əvvəl, beyninizi bədəninizin xaricinə çıxarıb, şüşə bir qabın içində süni olaraq yaşatdığımızı düşünək. Bir də yanına hər cür elektrik siqnalını qəbul edə bilən bir kompüter yerləşdirək. Sonra hər hansı bir mühitə aid görünüş, səs, qoxu kimi məlumatların elektrik siqnallarını süni olaraq bu kompüterdən çıxaraq və yazaq. Bu kompüteri elektrik kabelləri ilə beyninizdəki qəbul mərkəzlərinə bağlayaq və burada qeydli olan siqnalları beyninizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz ("siz"), bunların qarşılığı olan mühiti görəcək və yaşayacaq.


Bu kompüterdən beyninizə, öz görünüşünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir masada oturarkən qəbul etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi hisslər elektrik qarşılıqlarını beyninizə göndərdiyimizdə, beyniniz özünü ofisində oturan bir iş adamı zənn edəcək. Kompüterdən gələn xəbərdarlıqlar davam etdikcə də bu xəyali dünya davam edəcək. Yalnız bir beyindən ibarət olduğunu isə heç bir şəkildə anlaya bilməyəcək. Çünki beynin içində bir dünya meydana gəlməsi üçün beyindəki əlaqə mərkəzlərə lazımı xəbərdarlıqların çatması kifayətdir. Bu xəbərdarlıqlar süni bir qaynaqdan, məsələn bir qeyd cihazından və ya daha fərqli bir qəbuledicidən gələ bilər.


Məşhur filosof Bertrand Russell bu mövzuda bunları söyləyir:


… Barmaqlarımızı masaya basdığımız zamanki toxunma hissinə gəlincə bu barmaq uclarındakı elektron və protonlar üzərində bir elektrik təsiridir. Müasir fizikaya görə, masadakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir, bir başqa yolla ortaya çıxsaydı, heç bir masa olmamasına baxmayaraq, eyni şeyi hiss edəcəkdik. (Bertrand Russell, Rölativitenin Əlifbası, Qürur Nəşrləri, 1974, s. 161-162)


Hisslərin xarici dünyada var olan əsli ilə təmasda olduğumuzu zənn edərək aldanmağımız çox asandır. Necə ki, bu gerçəyi yuxularımızda tez-tez yaşayırıq. Yuxuda tamamilə gerçək kimi görünən hadisələri yaşayır, insanlar, obyektlər, mühitlər görürik. Amma hamısı bir hissdən başqa bir şey deyil. Yuxu ilə "gerçək dünya" arasında isə əsaslı bir fərq yoxdur. Hər ikisi də zehində yaşanır.

 

 

Beynimiz xarici dünyadan ayrıdırmı?


Buraya qədər izah etdiyimiz kimi, xarici dünyanın əsli ilə deyil, yalnız bizə göstərilən hisslərlə təmasda ola biliriksə, bütün bunları gördüyünü, eşitdiyini düşündüyümüz beynimiz nədir? Beynimiz də digər hər şey kimi atomlardan, molekullardan ibarət deyilmi?
Xaricdəki maddənin əslinə çata bilmədiyimiz kimi, beynimizin də əslini bilə bilmərik. Yalnız hissləri bilirik. Çünki nəticədə beyin dediyimiz şey də duyğu orqanlarımızla qəbul etdiyimiz bir ət parçasıdır.


O halda bütün bunları qəbul edən kimdir? Görən, eşidən, hiss edən, iyləyən, dad bilən  beyin deyilsə, bəs nədir?
Məhz burada qarşımıza çıxan həqiqət açıq-aşkardır: İnsan şüur sahibi, görə bilən, hiss edə bilən, düşünə bilən, mühakimə edə bilən bir varlıq olaraq maddəni meydana gətirən atomlardan, molekullardan çox kənar bir varlıqdır. İnsanı insan edən Allahın ona verdiyi "ruh"dur. Əks halda insanın şüurunu və digər bütün insani qabiliyyətlərini təxminən 1.5 kiloluq, üstəlik də bir xəyaldan ibarət olan bir ət parçasına vermək çox böyük ağılsızlıq olacaq. Quranda bu vəziyyət belə izah edilir:


Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

 

 

Bizə ən yaxın varlıq Allahdır


Əslini heç bir zaman bilmədiyimiz xarici dünyanı ruhumuza hiss etdirən, daha doğrusu bunları heç dayanmadan yaradan kimdir?
Şübhəsiz bu problemin cavabı çox açıqdır. İnsana "ruhundan üfləyən" Allah, ətrafımızdakı hər şeyin yaradıcısıdır. Bu hisslərin tək qaynağı da Odur. Allahın yaratması xaricində hər hansı bir şeyin varlığı əsas deyil. Allah bir ayəsində hər şeyi davamlı olaraq yaratdığını, yaratmağı dayandırdığı təqdirdə isə gördüyümüz heç bir şeyin varlığını davam etdirə bilməyəcəyini belə xəbər vermişdir:


Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fətr surəsi, 41)


İnsan illərdən bəri aldığı təlqinlərin nəticəsi olaraq bu həqiqəti qəbul etmək istəməyə bilər. Amma nə qədər görməməzlikdən gəlsə də, eşitmək istəməsə də həqiqət açıq-aşkardır. İnsana göstərilən bütün hisslər Allahın yaratması ilə həyat tapır. Üstəlik yalnız xarici dünya deyil, insanın "özüm edirəm" dediyi şeylər də ancaq Allahın diləməsi ilə baş verir. Bir insanın Allahdan müstəqil hərəkət etməsi, özünə aid bir iradəyə sahib olması kimi bir vəziyyətin olması mümkün deyil. Quranda bu həqiqətə bu ayələrlə diqqət çəkilmişdir:


Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. (Saffat surəsi, 96)


Atdığın zaman sən atmadın, Allah atdı. (Ənfal surəsi, 17)


Bütün bunların nəticəsində anlayırıq ki, gerçək mütləq varlıq Allahdır. İmam Rəbbani kimi böyük İslam alimləri bu gerçəyi ifadə etmək üçün "var olan tək mütləq varlıq yalnız Allahdır, Ondan başqa hər şey kölgə varlıqlardır" demişdir. Allah göylərdə və yerdə olan hər şeyi əhatə etmişdir. Allah Quran ayələri ilə də hər yerdə olduğunu, hər şeyi əhatə etdiyini xəbər vermişdir:


Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər.Həqiqətən, O, hər şeyi əhatə edir. (Fusullət surəsi, 54)


Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə,115)


Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)


Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik.  (İsra surəsi, 60)


Onun Kürsüsü göyləri və yeri əhatə edir.Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)


Allah sizi önünüzdən, arxanızdan, sağınızdan, solunuzdan, yəni hər istiqamətdən əhatə etmişdir. Hər an, hər yerdə sizə şahid olan, içinə və xaricinizə tamamilə hakim olan və sizə şah damarınızdan və ürəyinizdən daha yaxın olan yalnız sonsuz qüdrət sahibi Allahdır.


Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)


Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız. (Ənfal surəsi, 24)


Məhs inkar edənlər bu mövzuda böyük bir yanılqıya düşür və əsli ilə heç bir zaman təmasda ola bilmədikləri dünyanı tək mütləq varlıq zənn edirlər. Onlar dinə və inananlara lağ edərkən, Allahın ayələrini inkar edərkən, öz aralarında bir ayənin ifadəsi ilə "lağ edici mübahisələrə başlarını qatmışkən", gizlənə bildiklərini zənn edərlərkən əslində Allah onları əhatə etmişdir. Məhs bu, inkar edənlərin qəflətdə olduqları ən böyük gerçəklərdən biridir.

 

 

Xaricdə mövcud olan maddəyə dair bildiyimiz tək şey bizə hiss etdirilən hisslərdir


Açıq şəkildə göründüyü kimi, "xarici dünya" ilə birbaşa təmasda olmadığımız, xarici dünyanın Allahın ruhumuza göstərdiyi, surəti ilə təmasda olduğumuz elmi və məntiqi bir həqiqətdir. İnsanlar bunu çox düşünmək istəmirlər.


Bu mövzuda bir az səmimi və cəsur düşünsəniz, evinizin, içindəki əşyalarınızın,  yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də əslində gerçəkləri ilə heç bir zaman təmasda olmadığınızı hiss edərsiniz. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, qoxuladığınız, qısacası, beş duyğu orqanınızla qəbul etdiyiniz hər şey bu "kopiya dünya"ya aiddir. Ən çox sevdiyiniz sənətçinin səsi, oturduğunuz stulun sərtliyi, qoxusu, xoşunuza gedən bir ətir, sizi isidən Günəş, rəngləri ilə göz oxşayan bir çiçək, uçan bir quş, dənizin üzərində sürətlə irəliləyən sürət mühərriki, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüter və ya dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi dəstiniz...


Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir aləmdir. İnsanlar qısa həyatları boyunca əsla gerçəyinə çata bilməyəcəkləri hisslərlə sınanırlar. Bu qəbul etdiyi hisslər isə bəzəkli və cazibədar göstərilir. Bu həqiqət Quranda belə xəbər verilmişdir:

 

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir.Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)


İnsanların çoxu sahib olduqları və ya sahib olmağa çalışdığı malların, pulların, yığdıqları qızılların, gümüşlərin, kredit kartlarının, istifadə etdikləri paltarların, maşınların, qısacası, hər cür zənginliyin təsiri ilə dinlərini bir kənara buraxır, axirəti unudub dünyaya yönəlirlər. “İşim var”, “iddiallarım var”, “məsuliyyətlərim var”,  “vaxtım azdır”, “işlərim var”, “gələcəkdə edəcəm” deyərək, dünyanın bər-bəzəklərinə aldanaraq namaz qılmır, mallarını kasıblara vermir, axirəti qazanacaq heç bir ibadəti etmir. Əksinə dünyaya yönələrək onu qazanmağa çalışaraq ömürlərinə son verirlər. Bundan öncə də bildirdiyimiz “Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7)” ayəsindəbu yanılma təsvir edilir. Kitabın bu hissəsində izah etdiyimiz həqiqət isə bütün bu ehtirasları və bağlılıqları mənasızlaşdırması baxımından çox əhəmiyyətlidir. Çünki bu həqiqətin başa düşülməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, ehtirasla əldə etdikləri mülklərinin, varlıqları ilə öyündükləri uşaqlarının, özlərinə ən yaxın sandıqları yoldaşlarının, dostlarının, bədənlərinin, mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin bir kölgə varlıqdan ibarət olduğunu göstərir. Bu halda bütün bunlar üçün sərf edilən vaxt, əmək əlbəttə ki, boşdur.


O halda bəzi insanlar sahib olduqları mülkləri, fabrikləri, holdinqləri, köşkləri ilə sanki bunların əsli ilə təmasda olurmuş kimi öyündükləri zaman əslində alçalırlar. Villalarında "sıxılaraq" gəzən zənginlər, zənginliklərini hər fürsətdə dilə gətirənlər, mövqelərinin özlərini hər kəsdən üstün etdiyini zənn edənlər, paltarları ilə insanlara göstəriş etməyə çalışanlar, bütün həyatlarını bu tip ehtiraslar və yarışlar üzərinə quranlar, bunlarla nümayiş etdiklərini sananlar, əslində zehinlərindəki görünüşlər ilə nümayiş etdiklərini anladıqlarında nə vəziyyətə düşəcəklərini düşünməlidirlər.


Əslində bunların bənzərlərini yuxularında da tez-tez görürlər. Yuxularında da evləri, sürətli avtomobilləri, qiymətli ləl-cəvahiratları, dollarları, çoxlu qızıl və gümüşləri var. Yuxularında da yüksək bir mövqedə olur, minlərlə insanın işlədiyi fabrikləri, bir çox insana hökm edə biləcək gücləri olur, hər kəsin heyran qaldığı paltarlar geyinirlər... Ancaq necə yuxuda sahib olduqları ilə öyünmək onları gülünc vəziyyətə salırsa, eyni şəkildə bu dünyada təmasda olduqları görünüşlə öyünmək də buna bərabərdir. Yuxularında gördükləri də, bu dünyada təmasda olduqları da nəticə etibarilə, zehinlərindəki bir görünüşdən ibarətdir. Ancaq əlbəttə ki, bu gerçəyi dərindən düşünmək lazımdır. Ayədə də ifadə edildiyi kimi, bu gerçəyin fərqinə varanlar qazanclı olacaq:


De: “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim (onları) görsə, (xeyri) onun özünə, kim kor olsa (zərəri) onun öz əleyhinə olar. (Ənam surəsi, 104)


Bunun kimi, dünyada yaşadıqları hadisələrə göstərdikləri reaksiyalar da, gerçəyi anladıqlarında insanları utandıracaq. Özünü itirmiş şəkildə döyüşənlər, dələduzluq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanları incidənlər, onları döyüb-söyənlər, gözü dönmüş təcavüzkarlar, həsəd edənlər və digərləri, bunların əsli ilə təmasda ola bilmədikləri bir dünyada etdiklərini fərq etdiklərində rəzil olacaqlar.


Bilinməlidir ki, bütün kainatı yaradan və hər insana ayrı-ayrı göstərən Allah olduğuna görə, bu dünyadakı bütün malın gerçək sahibi də yalnız Allahdır. Belə ki, bu gerçək Quranda belə xəbər verilir:


Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)


Əsli ilə təmasda olunmayan ehtiraslar uğruna din əxlaqını bir kənara buraxmaq və bunun nəticəsində sonsuz həyatı itirmək çox böyük ağılsızlıqdır. Allah onların bu vəziyyətini belə təsvir edir:


Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 16)


Ayədə də bildirildiyi kimi, bu insanların həm bütün ehtirasları, hirsləri boşa çıxmış, həm də sahib olduqlarını zənn etdikləri şeylər bu gerçək qarşısında əllərindən getmiş, özlərinə bir fayda verməmiş və etibarsız olmuşdur.


Bu mövzuda bu xüsus çox yaxşı başa düşülməlidir: Qarşı-qarşıya olduğumuz həqiqət, "bütün bu sahib olduğunuz və arzuladığınız mallar, zənginlik, uşaqlar, dostlar, məqam-mövqe bir gün yox olacaq. Ona görə heç bir mənası yoxdur" demək deyil. "Bu sahib olduqlarınızın heç birinin əsli ilə onsuz da təmasda deyilsiniz, hamısı yalnız beyninizdə izlədiyiniz bir hissdən ibarət, Allahın sizi sınamaq üçün göstərdiyi bir görüntü" deməkdir. Diqqət yetirsəniz ikisi arasında çox böyük fərq var.


İnsan bu həqiqəti qəbul etmək istəməsə və bütün sahib olduqlarını var qəbul edərək özünü aldatsa belə, nəticədə öldükdən sonra yenidən dirildiyi zaman, yəni axirətdə hər şey çox dəqiq ortaya çıxacaq. O gün insanın "görüş gücü itiləşəcək" (Qaf surəsi, 22) və hər şeyi çox daha aydın dərk edəcək. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər uğruna keçirmişsə, orada heç yaşamamasını diləyəcək, ayədə bildirildiyi kimi, "kaş ki o (ölüm hər şeyi) kəsib bitirsəydi. “Malım mənə heç bir fayda təmin edə bilmədi. Güc və qüdrətim yox olub getdi” (Haqqa surəsi, 27-29) deyərək həlak olacaq.


Ağıllı bir insana düşən isə bütün kainatın bu ən böyük gerçəyini vaxt varkən qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü xəyallar uğrunda yaşayıb sonunda böyük bir hüsrana məruz qalar. Allah, dünyada xəyallar (ya da "ilğımlar") arxasında qaçıb Yaradıcımızı unudan bu insanların son vəziyyətlərini belə bildirir:


Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

 

 

İnkar edənlər tarixin ən böyük tələsinə düşüblər


Maddənin əsli ilə təmasda ola bilmədiyimiz həqiqəti müasir elm tərəfindən isbat edilmiş və çox açıq şəkildə ortaya qoyulmuşdur. İnkar edənlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın, əslində heç bir zaman çata bilməyəcəklərini görür və buna qarşı heç bir şey edə bilmirlər.


İnsanlıq tarixi boyunca inkarçı zehniyyət həmişə var olmuş və onlar müdafiə etdikləri fəlsəfədən çox əmin şəkildə özlərini yaratmış olan Allaha baş qaldırmışlar. Ortaya atdıqları elmdən kənar ssenariyə görə maddə əzəli və əbədi idi və bütün bunların bir Yaradıcısı ola bilməzdi. Onlar yalnız qürurlarından Allahı rədd edərkən təmasda olduqlarını zənn etdikləri maddənin ardına sığınmışdırlar. Bu fəlsəfədən elə əmin idilər ki, heç bir zaman bunun əksini isbat edəcək bir izah gətirilə bilməyəcəyini düşünürdülər.


Halbuki maddənin əsli ilə əlaqədar olaraq bu kitabda izah edilən gerçəklər onları böyük  qarışıqlığa salmışdır. Çünki burada izah edilənlər fəlsəfələrini yox etmişdir. Bütün düşüncələrini, həyatlarını, qürurlarını və inkarlarını üzərinə qurduqları maddə, əllərindən bir göz qırpımında uçub getmişdir.


Allahın bir ismi, inkarçılara tələ qurmasıdır."... Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 8) ayəsi ilə bu həqiqət məhs belə bildirilir.


Məhs Allah dünyanı mütləq varlıq zənn etdirərək inkar edənləri tələyə salmış və onları tarixdə bənzəri görülməmiş şəkildə kiçiltmişdir. Mallarını, mülklərini, mövqelərini, ünvanlarını, içində olduqları cəmiyyəti, bütün dünyanı mütləq varlıq zənn etmişlər, üstəlik bunlara inanaraq Allaha qarşı böyüklənmişlər. Lovğalanaraq Allaha üsyan etmiş və inkar etmişlər.Bunları edərkən də güc aldıqları tək şey maddənin mütləqliyi inancı olmuşdur. Amma elə bir anlayış əskikliyi içinə düşüblər ki, Allahın özlərini ətraflı əhatə etdiyini heç düşünməmişlər.
Bu, bəlkə də tarixingördüyü ən böyük məğlubiyyətdir. İnkar edənlər dinlə və imanedənlərlə lağ edərkən əslində böyük bir oyuna gəlmiş, Allaha qarşı çirkin bir cəsarət göstərdiklərinə görə məğlub olmuşlar.


Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)


Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər. (Ənam surəsi, 123) ayəsi Yaradıcımız olan Allaha baş qaldıran bu cür inkar edənlərin necə bir şüursuzluq içində olduqlarını və necə bir sonla qarşılaşacaqlarını ən açıq şəkildə xəbər verir.


İnkarçılar özlərincə tələ qurmağa cəhd edərkən ayədəki "hiss etmirlər" ifadəsi ilə açıqlandığı kimi, çox əhəmiyyətli bir gerçəyi fərq edə bilməmişlər: Yaşadıqları bütün hadisələrin əslində zehinlərində reallaşdığını və qurduqları tələlərin də zehinlərində olduğu gerçəyini... Qavramadıqlarına görə də, Allahla tək olduqlarını unudaraq öz özlərini hiyləli bir nizama salmışlar.


Hər dövrdə Allah inkar edənlərin bütün qurduqları hiylənin təməlindən yıxacaq bir gerçəklə onları üz-üzə gətirmişdir. Allah "... heç şübhəsiz, şeytanın hiyləli-nizamı çox zəifdir" (Nisa surəsi, 76) ayəsi ilə bu nizamların daha ilk qurulduqları anda dağılacağını xəbər vermişdir. Möminləri də "... onların qurduqları hiylə sizə heç bir zərər verə bilməz..." (Ali-İmranSurəsi, 120) ayəsi ilə müjdələmişdir.


Allah başqa bir ayəsində “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. (Nur surəsi, 39)” deyə xəbər verir. İnkarçılar da bu ayədə işarə edildiyi kimi, üsyan edənlər və dünya həyatlarını dinlə lağ edərək keçirənlər üçün bir "ilğım" meydana gətirər. Ona güvənərək əllərini uzatdıqlarında, bu fəlsəfənin hiylə olduğunu anlayarlar. Allah onları belə bir ilğımla aldatmış, maddəni mütləq varlıq kimi göstərmişdir. "Böyük" insanlar, professorlar, astronomlar, bioloqlar, fizikaçılar, vəzifələri, mövqeləri hər nə olursa olsun, maddəni özlərinə saxta ilah etdiklərinə görə bu oyuna gəlmiş, uşaq kimi aldanmış və alçalmışlar. Heç bir zaman əslinə çata bilmədikləri maddəni mütləq sanaraq onun üzərinə fəlsəfələrini, ideologiyalarını qurmuş, haqqında ciddi müzakirələr etmiş, təhqiramiz izahlar vermişlər. Bütün bunlardan ötrü də özlərini çox ağıllı hesab etmişlər. Kainatın gerçəyi haqqında fikir irəli sürəcəklərini düşünmüş və ən əhəmiyyətlisi öz məhdud ağılları ilə Allahı şərh edə biləcəklərini sanmışlar. Allah onların içinə düşdükləri bu vəziyyəti bir ayəsində belə bildirir:


Onlar hiylə qurdular, Allahda hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)


Dünyada bəzi tələlərdən xilas olmaq mümkün ola bilər. Ancaq Allahın inkar edənlərə qurduğu bu tələ elə möhkəmdir ki, əsla bir qurtuluş imkanları qalmamışdır. Nə etsələrdə, kimə müraciət etsələr də, özlərini xilas edəcək, Allahdan başqa bir köməkçi tapmaları da mümkün deyil.


Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)


Şübhəsiz bu həqiqəti dərk etmək azğın inkarçılar üçün ola biləcək ən dəhşət verici hadisədir. Çünki çox inandıqları maddənin özlərindən aşılmaz bir sərhədlə ayrılmış olması, onlar üçün hələ dünyada olarkən "ölmədən bir ölüm" hökmündədir.


Bu gerçəklə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah Məni yaratdığım kimsə ilə tək burax (Müdəssir surəsi, 11) ayəsi ilə hər insanın Öz qatında əslində tək tənha olduğu həqiqətinə diqqət çəkmişdir. Bu fövqəladə gerçək daha bir çox ayə ilə xəbər verilmişdir:


Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz.  (Ənam surəsi, 94)


Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)


Bu ayələrdə izah edilən gerçəyin bir mənası da budur: Maddəni ilah edənlər, dini inkar edərək Allahın ayələri haqqında "lağ edənlər", Allahdan gəlmiş və yenə Ona dönmüş ya da dönməyi gözləyirlər. Onlar istəsələr də, istəməsələr də Allaha təslim olmuşlar. İndi hər kəs kimi hesab gününü gözləyirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcəklər. Anlamaq istəməsələr də...