İnkarçılar dinlə də lağ edirlər

İnsanların yer üzündə var olma məqsədi Allaha qulluq etmək, Allahın bəyənəcəyi əxlaqı yaşamaq, Quranla özlərinə göstərdiyi doğru yola tabe olmaqdır. Allah Quranda, "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. " (Zariyat surəsi, 56) şəklində bildirmişdir. Ancaq əvvəlki hissələrdə də qeyd etdiyimiz kimi, insanların bir çoxunda "təkəbbür ehtirası" olduğuna görə, Allaha təslim olmaz və ibadət etməkdən çəkinərlər. Lakin bu insanlar əslində Allahın özlərindən nələr istədiyini də çox yaxşı bilirlər. Allah Quranda özlərinə xatırladılan doğruları vicdani olaraq anlayan, amma qürurlarından haqq olanı yerinə yetirməyən  insanlardan belə danışmışdır:


Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər. Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 13-14)


Vicdanları rahat olmadığı üçün Allahın və haqq dinin varlığını bilmək, eşitmək, görmək bu insanlarda çox böyük narahatlıq meydana gətirir. Onlar Allahın adının xatırlanmamasını, heç kimin dinə etibar etməməsini, hər kəsin özləri kimi olmasını istəyərlər. Çünki ancaq o zaman rahat edə biləcəklərini zənn edərlər. Əks halda isə Allahın varlığına və ya din əxlaqına aid hər şey onlara öz əxlaq pozuqluqlarını və pis rəftarlarını xatırladacaq.


Bundan başqa, Allahın sonsuz qüdrət və güc sahibi olması, canlı və cansız bütün varlıqların Allaha boyun əyməsi də, içlərində "əsla çata bilməyəcəkləri bir təkəbbürlük istəyi" bəsləyən bu insanlara çox ağır gəlir. Çünki bunları gördükdə özlərinin Allaha qarşı nə qədər aciz olduqlarına şahid olurlar. Bu səbəblə Allahın xatırladılmasına, Onun böyüklüyünün təqdir edilməsinə dözə bilmirlər. Onlar bu açıq-aşkar həqiqəti heç bir dayaqları olmadan rədd edərək, yaradılış dəlillərini inkar edərək və ya açıq şəkildə Allahın gücünün göstəricisi olan bu möcüzələri görməzlikdən gələrək rahat ola biləcəklərini zənn edirlər. Məhz belə böyük bir yanılma içində olan bu şəxslərin vicdanlarının səsindən xilas olmaq üçün müraciət etdikləri yollardan biri də dinlə lağ etmələridir. Bu insanların yaradılış dəlilləri qarşısındakı mövqeləri bir ayədə belə izah edilir:


Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edir. (Saffat surəsi, 12-14)


Ayədə xəbər verildiyi kimi, bu insanlar qarşılarındakı möcüzəvi həqiqətlər qarşısında istehza edirlər. Bu elə böyük bir ağılsızlıqdır ki, çox açıq olan dəlillər də bu insanların iman etmələrinə səbəb olmur. Onlar Allahı və Quranı inkar edərək,  üstünlük əldə edəcəklərini, ətraflarındakı insanların gözündə böyüyəcəklərini düşünürlər. Halbuki ətraflarındakı insanlar da Allaha çox möhtac, axirətdə hesaba çəkiləcək aciz varlıqlardır. Onların gözündə böyüyüb böyüməmələri heç bir şey ifadə etmir. Üstəlik qürurlanmalarına səbəb olan şeylər də yenə Allahın özlərinə verdiyi xüsusiyyətlərdir. Sahib olduqları hər şeyi Allaha borcludurlar. Lakin bunun qarşılığında onlar şükür etmək əvəzinə lağ etməyi üstün tuturlar.


Bu hissədə inkar edənlərin Allahın dininə olan yanaşmalarını, Quranda bizə bildirilən nümunələrlə açıqlayacaq və bu insanların istehzalı yanaşmaları ilə əslində özlərini nə qədər böyük bir hüsrana saldıqlarını, axirətdə qarşılaşacaqları sonu xatırladacağıq.

 

Allahın ayələrini qavraya bilməmələri


Bir surə nazil edildiyi zaman onlardan (istehza ilə): “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (o surə) onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər. (Tövbə surəsi, 124)


Yuxarıdakı ayədə xəbər verildiyi kimi, Allahın ayələrini ancaq səmimi qəlblə iman edənlər qavraya, ayələrdəki hikməti ancaq onlar görə bilərlər. İnkar edənlər isə Allahın ayələrini qavramaqdan acizdirlər. Hətta "bu hansınızın imanını artırdı?" deyə soruşaraq guya lağ etmək istəyirlər. Ancaq iman edənlər üçün bir müjdə olan Allahın bu nemətindən də məhrum olmuş olurlar. İnkar edənlərin bu anlayışsızlığına və ayələrə olan yanlış yanaşmalarına bir başqa Quran ayəsində belə diqqət çəkilmişdir:


Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)


Yuxarıdakı ayədə xəbər verildiyi kimi, Allahın bir ayəsində "ağcaqanad"dan bəhs etməsinin hikmətini inkar edənlər anlamamışlar. Sahib olduqları zəif dərrakəyə görə  "Allah bu örnəklə nə demək istəyir?" deyərək, guya istehza edirlər. Ancaq bu gün elm dünyası insanların kiçik hesab etdikləri canlıların əslində bir çox möcüzəvi xüsusiyyətlərə sahib olduqlarını ortaya çıxarmışdır. (daha ətraflı məlumat üçün baxın: Harun Yəhya, Ağcaqanad Möcüzəsi) Allah bu canlıdakı heyrətamiz xüsusiyyətləri bundan 1400 il əvvəl xəbər vermiş və o dövrün inkarçıları bu məlumatlardan məhrum olduqları üçün sərf etdikləri istehzalı sözlərlə gülünc vəziyyətə düşmüşlər.


İnkar edənlərin Allaha və Onun dininə qarşı qürurlu olmaları, xüsusilə də Allahın ayələri özlərinə oxunduqda və özlərinə ayələrlə nəsihət verildikdə ortaya çıxır. Allahın göndərdiyi elçilər və saleh müsəlmanlar qövmlərinə, yaşadıqları batil sistemin yanlışlığını təbliğ edirlər. Tək doğru yolun Allahın endirdiyi din olduğunu izah edərkən, onlara Allahın ayələrindən oxuyur və ayələrin hikmətlərini açıqlayırlar.

 

Ayələrdəki məna elə mükəmməldir ki, inkar edənlər bu sözlərdəki fövqəladə yönü görür, lakin bu üstünlüyü sezmələrinə baxmayaraq, qürurları səbəbi ilə izah edilən gerçəkləri inkar edir və özlərinə edilən çağırışı rədd edirlər. Hələ bu azmış kimi, azğınlıqları səbəbindən Allahın ayələrini istehza mövzusu edirlər. Quranda onların bu qürurlu rəftarları və istehzalı yanaşmaları belə izah edilir:


O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. (Casiyə surəsi, 8-9)


Allah inkar edənlərin bu məsxərəçi rəftarlarını bir çox ayəsi ilə xəbər vermiş və möminlərə bu tərz rəftarlarla qarşılaşdıqlarında necə davranmaları lazım olduğunu da belə bildirmişdir:


Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma. (Ənam surəsi, 68)

 

İbadətlərə istehzalı münasibətləri


Allahın əmr etdiyi ibadətlərlə, bu ibadətlərin hikməti və xüsusilə də namaz və orucla lağ etmək inkar edənlər arasında çox məşhurdur. Allah bir ayəsində inkar edənlərin ağılsız davranışlarını belə xəbər vermişdir:


Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır.  (Maidə surəsi, 58)


İnkar edənlərin ibadətlər mövzusundakı istehzalı rəftarlarına gündəlik həyatda da çox sıx rast gəlmək mümkündür. Məsələn, belə bir insana 5 vaxt namaz qılması, oruc tutması lazım olduğunu xatırlatdıqda dərhal istehza edər. Danışıq üslubuna, seçdiyi sözlərə, mimika və hərəkətlərinə, üz ifadəsinə tamamilə istehza hakim olar.


Bu məsxərəçi rəftarlarının əsl səbəbi, digər insanların şüur altı şəkildə dinə və dini dəyərlərə qarşı hörməti azaltmaq istəmələridir. Beləliklə, möminlərin etdikləri təbliğə də guya maneə törətməyi hədəfləyirlər. Xüsusilə din əxlaqını yaşayan gənc bir insan gördüklərində istehzalı üslubları daha da diqqətə çarpar. Onu görüncə günah etdiklərini hiss etdikləri üçün bu günahkarlıq duyğusunu onunla lağ edərək üzərini örtməyə çalışır, bu şəkildə onu doğru yoldan çəkindirməyə cəhd edirlər.


"Gəncliyini yaşa, gələcəkdə dini ibadətlərini yerinə yetirərsən", "bu yaşda dünyadan əlini üzmüsən"  kimi eyhamlı və istehzalı sözlər söyləyərək, guya qarşılarındakı insanı hörmətdən salmaq istəyirlər. "Orucunu poz, mən sənin günahını alaram" ya da "namaz qılmağına nə ehtiyac var, hələ çox gəncsən, yaşlananda edərsən" tərzində axmaq vədlər verərək onu doğru yoldan sapdırmağa çalışırlar. Halbuki insan axirətdə ibadətlərini yerinə yetirib yetirmədiyinə görə sorğulanacaq. Məsələn, 5 vaxt namaz dəqiqliklə, tam vaxtında, böyük şövq və huşu ilə yerinə yetirilməsi lazım olan bir ibadətdir. Peyğəmbərimiz (s.ə.v) də bir çox hədisində 5 vaxt namazın əhəmiyyətinə diqqət çəkmişdir. Əbu Hureyredən (r.a) rəvayət edilən bir hədisdə Rəsulullah (s.ə.v) belə buyurur:


"Beş vaxt namazlar, gələcək həftəyə qədər cümə, gələcək ilə qədər ramazan, böyük günahlardan çəkinilsə, aralarındakı səhvlər üçün kəffarədirlər." (Müslim), (Riyazü's Salehin, İmamı Nevevi, çevirən: Məmməd Əmrə, Bədir nəşriyyat, s. 698)


Din əxlaqının tələbi olan ibadətlərə lağ etməyə çalışanlar  hər nə etsələr də möminlərə zərər vermələri, onları hörmətdən salmaları mümkün deyil. Çünki möminlər inkar edənlərin Quranda yazılı olan bu rəftarları ilə qarşılaşdıqlarında daha da şövqlənər və ibadətlərinə daha böyük bir coşğuyla davam edərlər.


İnkar edənlər lağ edərək guya möminlərə zərər vermək istəyər, ancaq bu səylərində uğursuz olarlar, hətta bilmədən onların axirətdəki dərəcələrini yüksəltmiş olarlar. Yəni başqa sözlə, möminlərə xidmət etdikləri deyilə bilər. Ancaq bu gerçəyi qavraya bilmədikləri üçün yuxarıdakı ayədə diqqət çəkilən "dərketmə əskiklikləri"ni  yenidən göstərmiş olarlar.

 

 

Yenidən dirilişi inkar etmələri


İnkar edən bu insanların lağ etdikləri digər bir mövzu isə "diriliş"dir. Ölümdən sonra insanların yenidən diriləcəyi həqiqətini israrla və böyük bir ağılsızlıqla rədd edirlər. Çünki bunu qəbul etsələr din əxlaqını yaşamaları lazım olduğu həqiqəti ilə qarşılaşacaqlar. Bundan başqa, insanlar ölümdən sonra dirildiləcəklərinə görə, bunun bir nəticəsi olaraq dünyada etdiklərinə görə hesab verəcək və o gün yalnız dünyada Allahın Quranda əmr etdiyi kimi yaşayanlar nicat tapacaqdır. Hesab gününün ardından əlbəttə ki, Allahın sonsuz ədaləti təcəlli edəcək, günahkarlar cəzalandırılacaq, gözəl rəftar göstərən, Allaha itaətli olanlar isə mükafatlandırılacaq. Bu açıq həqiqətdir. Din günü inkar edənlərin böyük bir yanlışlıq içində olduqları ortaya çıxacaq. Ancaq inkar edənlər dünyada etdikləri davranışlardan məsul olduqlarını qəbul etmək istəməyərək Allahı və hesab gününü unudurlar. Bunun nəticəsi olaraq əvvəlcə ölümün çox yaxın olduğunu ağıllarından çıxarmağa çalışırlar. Hətta bu mövzuda istehzalı söhbətlər, zarafatlar edərək guya mövzunun ciddiliyini anlamırlar. Ətraflarındakı insanlara ölümün çox uzaq, bunu düşünmənin isə yersiz olduğu istiqamətində mesajlar verirlər. Ancaq nə qədər unutmaq istəsələr də ölüm qəti bir həqiqətdir. Ayədə belə buyurulur:


De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)


Buna görə yenidən dirildiləcəkləri və hesab verəcəkləri həqiqətini rədd edirlər. Şübhəsiz onların ağılsızca hesab gününü rədd etmələri, onları o günlə qarşılaşmaqdan uzaqlaşdırmaz, ancaq yenə də bu mövzunu anlamazlıqdan gələrək xilas ola biləcəklərini zənn edirlər. Hətta daha da irəli gedərək bu mövzu ilə lağ edirlər. Bu şəkildə yenidən dirilişə inanmadıqlarını və bu mövzunu ciddi qəbul etmək istəmədiklərini ətraflarına sübut etmək istəyirlər. Quranda onların bu cür məsxərəçi rəftarlarından nümunələr verilmişdir:


(Kimisi də) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımlamı hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər. (Əhqaf surəsi, 17)


Öz axmaq ağıllarını bəyənən və bundan çox əmin olan inkarçıların diriliş haqqındakı bu tip suallarına və yanlış məntiqlərinə qarşılıq ən gözəl nümunə Quranda belə xəbər verilmişdir:


Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 77-79)


İnsanı və yer üzündəki canlı-cansız bütün varlıqları yaradan Allahdır. İnsan Allahın endirdiyi din əxlaqını yaşamaqla məsuldur və inkar etməsi onu bu məsuliyyətdən qurtarmaz. Bu vəziyyətdə "din günü" gəldiyində etdiklərinin cəzasını mütləq alacaqdır. Bunu da əlavə etmək lazımdır ki, Allah və Onun dini ilə lağ etmək çox böyük bir günahdır. və heç şübhəsiz bunun qarşılığı çox şiddətli olacaq. Bu insanlar Quranda belə təhdid edilirlər:


Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları (günahlara) görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır.  (Ənam surəsi, 70)


Qarşılaşacaqları bu əzabı göz ardı edən insanlar hər zaman olduğu kimi yaşadığımız dövrdə də var. Bu şəxslər hər fürsətdə dini dəyərlərlə və müqəddəs anlayışlarla lağ etməkdən çəkinmirlər. Etdikləri zarafatların, güldükləri lətifələrin dini məzmunlu olması ilə yanaşı karikaturalarda belə dini dəyərlərə lağ edirlər. İstər içində yaşadığımız dövrdə, istərsə də tarix boyunca inkar edənlərin bu çirkin davranışlarının məqsədi həmişə eyni olmuşdur. Məsxərəçi yanaşmaları ilə həm iman edənləri çətinliyə salmaq istəyir, həm də insanlara şüuraltı dini dəyərlər mövzusunda mənfi yöndə təsir etməyə çalışırlar. Ancaq unutmamaq lazımdır ki, müsəlmanlar üçün inkarçıların bu davranışları ilə qarşılaşmaq böyük bir şərəfdir. Çünki Allah Quranda, saleh müsəlmanların bu cür davranışlara məruz qala biləcəklərini və bunların qarşılığının özlərinə ən gözəl şəkildə veriləcəyini vəd etmişdir. Bundan başqa Allah bu məsxərəçi insanların mövqelərini Quranda bildirmiş və möminlərin onlardan uzaq olmalarını əmr etmişdir:


Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. (Maidə surəsi, 57)