Gündəlik həyatda cahiliyyə zülmü: Məsxərəçilik

Cahiliyyə cəmiyyətlərində lağ etmək əxlaqı orta məktəb və lisey vaxtlarından başlayaraq gənclər arasında yayılır. Məsələn, bir məktəbə başqa şəhərdən bəlkə daha varlı və ya daha gözəl bir şagird gəlir, digər şagirdlərin böyük hissəsi onu cahil insanlara məxsus bir əxlaq  olaraq qısqanır, ancaq bunu gizlətmək üçün onunla müxtəlif yollarla lağ edirlər. Davamlı olaraq onun çatışmayan cəhətlərini tapmağa çalışır, hətta gözəl xasiyyətlərini də əskiklik olaraq qiymətləndirirlər. Düz saçlıdırsa "süpürgə saçlı" olduğunu, uzun boyludursa "çubuq" kimi olduğunu söyləyərək, öz aralarında ona özünün xoşuna gəlməyəcək adlar qoyurlar. Beləcə o insan haqqında istehzalı bir üslub istifadə edərək, hər kəsə bu yöndə təsir etməyə çalışırlar.


Eyni şəkildə sinifdə özlərindən daha çalışqan, daha müvəffəqiyyətli bir şagird olduğu təqdirdə də bunu qəbul edə bilmirlər. Onu hörmətdən salmaq üçün uğurunu tənqid edəcək tərzdə ləqəblər taxaraq onunla lağ edərlər.


Sinifdəki digər şagirdlərlə də lağ etmək üçün hər fürsəti dəyərləndirirlər. Xüsusilə maddi mövzuları lağ etmək üçün əlverişli hesab edirlər. Keçən ilki geyimini  və ya ayaqqabısını geyinən birini alçaltmaq və lağ edəcək şəkildə arxasından danışmaq tez-tez edilən bir hərəkətdir. Şagirdlərin yaşadıqları evləri və evlərindəki əşyalar da istehza obyektidir. Atalarının peşəsi, analarının işlədiyi yer, fərqli ada sahib olmaları və ya adının tanınmış biri ilə eyni olması kimi bir çox mövzu, lağ ediləcək şeylər ola bilər. Bəzi şagirdlər xüsusilə müəllimləri ilə lağ edirlər. Müəllim təcrübəsiz müəllimdirsə, üslubu və ya təcrübəsiz rəftarları ilə lağ edirlər. Müəllim yaşlıdırsa, bəzi hərəkətləri ləng edirsə və ya gözləri yaxşı görmürsə bununla da lağ edirlər. Müəllimlərinin paltarları da lağ etmə obyektidir. Məsələn, müəllim tez-tez eyni paltarı geyinirsə, paltarı ütüsüzdürsə, bunu bir-birlərinə söyləyərək lağ edirlər.


Bu vəziyyət iş yerlərində də mövcuddur. Oradakı məsxərəçilik isə bəzilərinin sahib olduqları mövqelərə görə dəyişir. İnsanlarda ümumiyyətlə mövqe olaraq özlərindən aşağı olan şəxslərə qarşı daha ardıcıl məsxərəçilik müşahidə edilir. Bunu edənlər bu şəkildə öz eqoizmlərini təmin etməyə çalışırlar. Özlərindən yuxarı vəzifədə çalışanlara qarşı qürurlana bilməyəcəkləri üçün özlərinə tabe olan və ya daha aşağı vəzifədə olanları əzməyə çalışır, onlarla lağ edirlər. Məsələn, əksər şirkətlərdə müdirlər katibələrinə qarşı istehza edir, onların gördükləri işlərə lağ edirlər. Buradakı məsxərəçilik orta məktəbdəkindən  fərqlidir. Verilən reaksiyalarda, alçaldıcı rəftarlarda, istehzalı baxışlarda bu vəziyyəti görmək mümkündür. Qarşısındakının üzünə baxmadan danışmaq, cavab verməmək, eşitməmiş kimi etmək, qarşı tərəfin ilk dəfə qarşılaşdığı vəziyyətlərə və ya etdiyi yanlışlıqlara gülmək, ətrafa kinayəli baxışlarla baxmaq bunlardan sayıla bilər.


Lağ etməyin fərqli bir forması də iş yerində bir-biri ilə yarışan insanlar arasında müşahidə edilir. Məsələn, rəqabət halında olan iki katibə bir-birlərinin qüsurlarını, nöqsanlı işlərini bütün iş yerinə eşitdirməyə çalışır, bir-birlərinin fiziki qüsurları, paltarları, yerişləri və ya hər hansı bir başqa xüsusiyyətləri ilə lağ edərək, bir-birlərini digər insanların gözündə hörmətdən salmaq istəyirlər. Əgər bu iki insandan biri daha məzlum insandırsa, digəri onu əzmək məqsədi ilə hər an iynələyici sözlərlə, hörmətdən salıcı baxış və sözlərlə əziyyət verməyə çalışır. Ümumiyyətlə, digərlərinə görə təvazökar, mülayim insanlar işdə həmişə əzilən tərəf olurlar. Quran əxlaqından uzaq olduqları üçün bu tərz insanlara təzyiq edir, ancaq özlərindən üstün gördükləri insanlara qarşı eyni hərəkətləri edə bilmirlər. Hətta onlara qarşı mütəmadi olaraq xoş görünməyə çalışırlar.


Cahil cəmiyyətinin gündəlik həyatına da məsxərəçilik hakimdir. Quran əxlaqının yaşanmadığı belə mühitlərdə  məsxərəçilik cəmiyyətin  hər sahəsində geniş şəkildə yayılıb. Xüsusilə də kasıblarla lağ edirlər. Onların paltarları, danışıq üslubları, rəng seçimləri, həyat tərzləri həmişə istehza mövzusudur. Məktəblərdə, iş yerlərində, zənginlərlə kasıbların yan-yana gəldiyi mühitlərdə bu tez-tez rast gəlinən bir haldır. Amma bununla yanaşı kasıbların varlılarla lağ etməsi də tez-tez müşahidə edilir. Hər iki qisim insanlar cahiliyyə əxlaqını yaşadıqları üçün bu əxlaqın çirkinliyini qəbul etmək istəmirlər. Üstəlik onları bu çirkin rəftarlardan uzaq tutacaq bir sərhəd də yoxdur. Allah qorxusuna sahib olmadıqları üçün lağ etdiklərinin qarşılığını axirətdə görəcəklərini göz ardı edirlər. Hesab gününü düşünmədən həyatlarını davam etdirirlər.


Bu din əxlaqından uzaq həyatda artıq sərhədsiz  azğınlıq göstərirlər. Zəngin birinin üzərindəki paltarları qısqanaraq ona müxtəlif çirkin adlar qoyurlar. Məsələn, "təlxək" olduğunu söyləyərək lağ edir, pis təəssürat yaratmağa çalışırlar. Bu, əslində o insanı qısqandıqları üçün etdikləri bir hərəkətdir. Bu əxlaqı yaşayanlar özlərində olmayan hər şeyi qısqanır və bunlara sahib olan insanlarla lağ edərək onlardan intiqam aldıqlarını düşünürlər.


Quran əxlaqını yaşamayan insanlar bir-birlərinin kiçik fiziki qüsurları ilə də lağ edirlər. Məsələn, bir insanın əllərinin, ayaqlarının kiçik və ya böyük olması, saçlarının olmaması ilə lağ edirlər. Boyu qısa və ya uzun olan bir insana ləqəb qoyaraq tez-tez bu qüsurunu üzünə vurur, kök və ya arıq olması ilə lağ edirlər. Gözləri xəstə olan, çəp olan, eynək taxan bir insana ləqəb qoyaraq lağ edirlər. Qulaqları ağır eşidən insanlarla da müxtəlif formalarda lağ edirlər. Qadınlar xüsusilə öz aralarında yoldaşlarının saçlarının forması və rəngi ilə lağ edirlər.

 

Qısacası, cahiliyyə əxlaqını yaşayan bu insanlar arasında dərhal hər şey istehza mövzusu ola bilər. Gündəlik həyatları bu cür nümunələrlə doludur. Bir-biriləri ilə ilk qarşılaşdıqları andan etibarən istehzalı rəftarlarına başlayırlar. Məsələn, qəşəng geyinmiş birinə "Hara belə? Toyamı gedirsən?" deyə soruşaraq narahat olmasını, paltarının şişirdilmiş olduğunu düşünməsini təmin edir və ya biri "necəsən" deyərək əhvalını soruşduqda, digəri "Sən mənim necə olduğumu heç maraqlanmazdın?" deyə istehza ilə cavab verir, tez-tez iynələyici baxışlar və sözlərdən istifadə edirlər. Eyni münasibət özlərinə qarşı edildikdə çox pis olur, amma yenə də bu davranışlardan imtina etməyi düşünmürlər. Çünki bu rəftar, artıq onların təbii qarşıladıqları həyat forması olmuşdur. Yığıncaq və söhbətlərdə də tez-tez bu tərz davranışlara rast gəlmək olar. Davamlı olaraq yoldaşlarının, yaxınlarının arxasınca kinayəli zarafatlar edirlər.


Ad günlərində ya da əhəmiyyətli günlərdə aldıqları hədiyyələri bəyənməyib, başqa dostları ilə birgə ona lağ edir, hədiyyəni verənin ucuz hədiyyə seçdiyini, zövqsüz olduğunu dilə gətirirlər.


Cahil insanların istehzaları həmişə açıq şəkildə olmaya da bilər. Aralarında tətbiq etdikləri pis əxlaq xüsusiyyətlərindən biri də iynələyici sözlər və kinayəli baxışlarla lağ etməkdir. Xüsusilə, özlərindən mövqe və ya səlahiyyət baxımından üstün biri ilə birbaşa lağ edə bilməyəcəkləri üçün öz aralarında baxışaraq, gözləri ilə anlaşaraq lağ edirlər. Gizli şəkildə lağ edərək özlərinin ondan üstün olduqlarını, onu alçaltdıqlarını düşünürlər. Məsələn, bir şirkətdə rəhbər işçilərdən biri bir səhv etdikdə, məsələn, dili dolaşdıqda orda olanlar özlərindən üst səviyyədə olan bu insanla açıq şəkildə lağ edə bilmədiklərindən bu üsuldan istifadə edirlər. Qarşıdan baxan diqqətli biri bunu əlbəttə, dərhal görə bilər, lakin açıq şəkildə etmədikləri üçün bunu isbat etmək o qədər də mümkün olmaz.


Din əxlaqından uzaq cəmiyyətlərdə, bütün bu  xoşagəlməz davranışlar səbəbindən insanlar çox narahat bir mühitdə yaşamaq məcburiyyətində qalırlar. Hər kəs bir-biri  ilə lağ edəcək bir xüsusiyyət tapır, amma özü ilə lağ edilməsindən də ciddi mənada narahat olur. Buna baxmayaraq, içində olduqları mühiti dəyişdirmək üçün bir səy göstərmirlər. Çünki lağ etməyin pis bir davranış olduğunu, Allahın əmr etdiyi əxlaqa uyğun olmadığını dilə gətirsələr, özləri də başqaları ilə lağ edə bilməyəcəklər. Bu isə nəfslərinin qəti şəkildə istəmədiyi bir vəziyyətdir. Buna görə qarşılaşdıqları bu məsxərəçi rəftarları sanki həyatın tələbi kimi qəbul edirlər. Buna görə də bir-birlərinin pis davranışlarından çəkinmirlər.


Allah Quranda, "Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!" (Maidə surəsi, 79) ayəsi ilə bu cür insanların yanlış mövqelərini xəbər vermişdir.

 

Nəticə etibarilə, Quran əxlaqının yaşanmadığı bir yerdə, hər növ istehzalı rəftar, alçaldıcı danışıqlar, narahat edici baxışlar və kinayəli gülüşlərə rast gəlmək olur. Bunun nəticəsində meydana gələn sıxıntılı və narahat edici mühitdən xilas olmanın tək yolu isə Quranın əmr etdiyi gözəl əxlaqı mənimsəmək, onu yaşamaq və yaşatmaqdır.