Allah inkar edənləri dünyada alçaldır

Din əxlaqından uzaq yaşayan insanların dinə və Allahın ayələrinə qarşı istehzalı yanaşmaları, göndərilən elçilərlə və elçilərin ətrafındakı möminlərlə lağ etmələri dünya tarixi boyunca davam edən bir vəziyyətdir. Allahın gücünü və böyüklüyünü təqdir edə bilməyən bu insanlar etdiklərinin qarşılığını mütləq alacaqlarını anlamayaraq həyatlarını davam etdirmişlər. Halbuki Quranda bu insanların özlərindən uzaq gördükləri əzablarla mütləq qarşılaşacaqları xəbər verilmişdir:


Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. (Ənam surəsi, 5)


(Allahın) səndən əvvəlki elçiləri də məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri (həmin o) istehza etdikləri şey məhv etdi. (Ənbiya surəsi, 41)


…(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”. (Hud surəsi, 38-39)


Bu insanlar etdikləri günahların qarşılığını, şübhəsiz, axirətdə görəcəklər, ancaq hələ dünyada olarkən də bu qarşılığı görəcəklər. Özləri dinlə, müsəlmanlarla, Allahın elçiləri və ayələri ilə lağ edərkən əslində Allah onlarla lağ etməkdədir. Allah bu həqiqəti bir ayəsində qəti olaraq xəbər vermişdir:


Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 15)


Əslində bu inkarçı insanlar yuxarıdakı ayələrdə bildirildiyi kimi, özlərinə verilən müddətə aldanaraq çox böyük tələyə düşmüşlər. Həyatları boyunca din əxlaqına, Allahın elçilərinə və möminlərə qarşı mübarizə aparmış və bundan ötrü heç bir qarşılıq görməyəcəklərini zənn etmişlər. Halbuki bu dünyada nə qədər təkəbbürlənsələr də, Allahın müəyyən etdiyi vaxtda öləcək və torpağa basdırılacaqlar. Allah özü ilə öyündükləri mallarını yox edəcək, bədənləri isə torpağın altında çürüyəcəkdir. Bütün bunlar qaçılmazdır, onlar da hər insan kimi öləcəklər. Ölümlü olmaları və özlərindən ölümü uzaqlaşdıra bilməmələri əslində nə qədər aciz bir vəziyyətdə olduqlarının ən əhəmiyyətli dəlilidir.
Bundan başqa bu insanlara həyatları boyunca da  Allah bir çox çətinlik və bəla verir. Onlar özlərini üstün zənn edərkən, qarşılaşdıqları hadisələrlə əslində nə qədər aciz bir qul olduqlarını görürlər. Allah Quranda bu vəziyyətə düşən inkar edənlərlə bağlı bir çox nümunə vermişdir. Sonrakı səhifələrdə Quranda bəhs edilən bu məsxərəçilərdən və uğradıqları sondan danışılacaqdır.

 

 

Məsxərəçiliyin sonu ilə əlaqədar qurandan nümunələr


Hz. Musa (ə.s) zamanında yaşayan Firon məlum olduğu kimi, üsyankarlığı və azğınlığı ilə tarixə keçmiş bir insandır. Onun və ətrafının qüruru ayələrdə belə təsvir edilir:


Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər. (Mu'minun surəsi, 45-46)


Firon özü haqqı inkar etdiyi kimi, qövmünü də azdırmaqla məşğul olmuşdu. Musa Peyğəmbəri (ə.s) guya hörmətdən salmaq və hər kəsin gözü qarşısında onunla lağ etmək üçün xüsusi bir plan hazırlamış, lakin əslində özü alçalmışdır. Yanındakı cadugərlərini, insanların toplandığı bir gün Hz. Musa (ə.s) ilə qarşı-qarşıya gətirmiş, bu şəkildə cadugərlərin üstün gələcəyini, Musa Peyğəmbərin (ə.s) isə alçalacağını zənn etmişdi. Ancaq nəticə gözlədiyi kimi olmamış, Allah Hz. Musa (ə.s) vasitəsilə cadugərlərin hiyləsini pozaraq həm Fironu, həm də yaxın ətrafını alçaltmışdır. Quranda bu hadisə belə izah edilir:


(Musa) dedi: “Siz (əvvəl) atın!” Onlar (əllərindəkiləri) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər. Biz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. (Əraf surəsi 116-118)


Quranda Fironun Hz.Musaya (ə.s) qarşı qurduğu bir çox tələnin də boşa çıxdığı xəbər verilmişdir. Allah Fironun sonunu da bütün insanlara bir ibrət olaraq Quranda belə bildirmişdir:


Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!” (Firona deyildi:) “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir. (Yunus surəsi, 90-92)


Yuxarıdakı ayələrdən aydın olduğu kimi, Firon heç ümid etmədiyi bir sonla qarşılaşmışdır. Qarşısında nəhəng dalğaları gördükdə vəziyyətin ciddiliyini fərq etmiş, Allahdan başqa İlah olmadığını anlamış və tək sığına biləcəyi gücün Allah olduğunu dərk etmişdir. Belə ki, bütün ömrünü təkəbbür və Allaha üsyan ilə keçirən Firon ilk dəfə o an Allaha sığınma ehtiyacı duymuşdur. Lakin bu səmimi təslimiyyət olmadığı, çətin anda göstərilən rəftar olduğu üçün Allah qəbul etməmişdir. Çünki təhlükə və ya çətin anlarda Allaha sığınmaq və daha sonra əvvəlki nankorluqlarına geri dönmək din əxlaqını yaşamayan insanların əhəmiyyətli bir xüsusiyyətidir. Onlar bütün həyatlarını üsyan içində keçirib, bir bəla ilə qarşılaşdıqları anda tövbə edərək xilas ola biləcəklərini zənn edirlər. Lakin Allah onların bu planlarını boşa çıxarar.


Gücün, qüdrətin, böyüklüyün Allaha aid olduğunu anlayan Fironun vəziyyəti də bundan fərqli deyil. O an "təslim oldum" deməklə bağışlanacağını zənn edən Firon çox böyük bir yanılqı içindədir. Qurtulacağını ümid edərkən yalnız bədəni ilə xilas olması və bu halı ilə insanlığa ibrət olması özü üçün böyük alçaldılma olmuşdur. Allah onu sonrakı nəsillərə ibrət olması üçün alçaltmışdır. Dünya həyatında Misirin hakimi olan, saraylarda yaşayan, əmrində saysız köləsi və əsgəri olan, böyük  güc və zənginlik sahibi Fironun bu gücü özünü azğın dalğalardan qurtarmağa çatmamışdır. Bu şəkildə dinə qarşı istehzalı və laqeyd rəftar göstərməsinin qarşılığını görmüşdür. Bu halı ilə Firon lağ edən deyil, lağ edilən mövqeyindədir. Firon və yaxın ətrafının məruz qaldığı son bunun əhəmiyyətli bir göstəricisidir. Ayədə belə buyurulur:


(Bunların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi. (Ənfal surəsi, 54)


Bunun kimi tarixdə azğınlığı ilə bir çox məşhur cəmiyyəti də Allah bənzər vəziyyətə salmışdır. Məsələn, azğınlığı ilə məşhur Ad qövmü Allahın göndərdiyi əzabla həlak olmuşdur. Çox təkəbbürlü olan bu insanlar əzabın ardından "içi boş xurma kötükləri kimi" yerə yıxılmışlar. Bunu xəbər verən ayələrdə belə buyurulur:


Ad (xalqına) gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?”– dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər. Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz. (Fussilət surəsi, 15-16)


Ad (tayfası) isə hədsiz soyuq və şiddətli küləklə yox edildi. (Allah) onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin. (Haqqə surəsi, 6-7)


Allah inkar edənlərə dünyada müəyyən qədər möhlət verir, ancaq onlar azğınlıqlarına və məsxərələrinə davam etdikləri təqdirdə də bu müddətin bitməsi ilə qarşılığını çox şiddətli şəkildə verir. Xüsusilə də Allahın elçilərinə qarşı edilən günahlar mütləq qarşılığını alır. Allah Muntakim (intiqam alan) ismi ilə elçisinə və möminlərə qarşı edilən bu çirkin rəftarların, məsxərəçi davranışların intiqamını almış və günahkarları cəzalandırmışdır. Allah bir ayədə bu mövzunu belə xəbər verir:


Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. (Bir görəydin onları) cəzalandırmağım necə oldu! (Rəd surəsi, 32)


Başqa bir ayədə isə Allah möminlərlə lağ edənlərin etdikləri pis əməllərin özlərinə mütləq zərər verəcəyini belə xəbər vermişdir:


Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri (əzab) onları bürüyəcək. (Casiyə surəsi, 33)


Bu ana qədər izah edilənlərdən də aydın olur ki, dinə və iman edənlərə qarşı istehza edənlər Allahın əzabından uzaq qala bilməzlər. Azğınlıq edən, baş qaldıran, özünü üstün görən hər insan Allahın Quranda bildirdiyi kimi, dünyada müxtəlif bəlalarla qarşılıq görər. Üstəlik bu yalnız dünya həyatında verilən qarşılıqdır, axirətdə veriləcək qarşılığın daha şiddətli olduğu isə Quranda belə bildirilir:

 

Sonra isə Allahın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu. (Rum surəsi, 10)